Jurnalistlər üçün "Media və insan hüquqları" mövzusunda məlumat sessiyası keçirilib

Jurnalistlər üçün Media və insan hüquqları mövzusunda məlumat sessiyası keçirilib
Foto
Sosial 9

"İnsan Hüquqları Aylığı" çərçivəsində iyunun 12-də Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün "Media və insan hüquqları" mövzusunda maarifləndirici məlumat sessiyası təşkil edib.

BAKU.WS xəbər verir ki, sessiyanın əsas məqsədi jurnalistlərin peşə fəaliyyətləri zamanı insan hüquqlarının qorunması sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri və etik davranış standartları barədə məlumatlılığını artırmaq olub.

Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə medianın insan hüquqlarının təbliği və ictimai şüurun formalaşdırılmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, İnstitut tərəfindən müxtəlif media resurslarında yayımlanan materiallar mütəmadi təhlil olunur və monitorinqlər aparılır. Təhlillər jurnalistlərin insan hüquqları sahəsində bilik və peşəkar bacarıqlarının artdığını göstərsə də, bəzi materiallarda insan hüquqlarının qorunması və etik jurnalistika prinsiplərinə əməl olunması baxımından çatışmazlıqların hələ də müşahidə edildiyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə çıxışında jurnalistlərin informasiya hazırlayarkən insan hüquqlarına hörmət etməsinin, peşə etikası və qanunvericiliyin tələblərinə riayət etməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, insan hüquqlarının müdafiəsi istiqamətində medianın məsuliyyətli fəaliyyəti davamlı xarakter daşımalıdır.

Sessiya zamanı İnstitutun təlimçi-ekspertləri jurnalist fəaliyyətində daha çox rast gəlinən insan hüquqları pozuntuları və onların hüquqi nəticələri barədə təqdimatla çıxış ediblər. Təqsirsizlik prezumpsiyasının pozulması, şəxsi və ailə həyatına müdaxilə, fərdi məlumatların icazəsiz açıqlanması, uşaq hüquqlarının pozulması, ayrı-seçkilik və nifrət nitqi, intiharla bağlı xəbərlərin hazırlanmasında etik qaydaların gözlənilməsi, eləcə də təhqir və böhtan xarakterli məlumatların yayılmasının yolverilməzliyi iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlər qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyət yaradır. Bu baxımdan media nümayəndələrinin peşə fəaliyyətində hüquqi normalara və etik prinsiplərə ciddi əməl etməsinin vacibliyi vurğulanıb.

Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, media fəaliyyətində insan hüquqlarına həssas yanaşmanın əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər