İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək - AÇIQLAMA

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək - AÇIQLAMA
Açıqlama
Sosial 172

"İctimai nəqliyyatda tarif siyasəti yalnız gediş haqqının məbləği ilə məhdudlaşmamalı, sosial ədalət və istifadə intensivliyi prinsiplərinə əsaslanmalıdır. Hazırda ölkədə faktiki olaraq yalnız azyaşlı uşaqlar üçün gediş haqqından azadolma tətbiq olunur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.

Onun sözlərinə görə, ictimai müzakirələr göstərir ki, tələbələr, təqaüdçülər, aztəminatlı vətəndaşlar, eləcə də gün ərzində nəqliyyatdan dəfələrlə istifadə edən şəxslər üçün əlavə güzəştlərə ciddi ehtiyac var:

"Bu baxımdan ən məqsədəuyğun addımlardan biri aylıq və illik abonement kartlarının tətbiqidir. Belə kartlar həm vətəndaşlar üçün daha sərfəli, həm də dövlət üçün maliyyə baxımından effektiv mexanizmdir. Dünya təcrübəsi göstərir ki, abonement sistemi büdcəyə vəsaitin əvvəlcədən daxil olmasını təmin edir və ictimai nəqliyyatın davamlılığını gücləndirir. Azərbaycanda bu sistemin indiyədək tətbiq olunmaması nəqliyyat siyasətində ciddi boşluq kimi qiymətləndirilə bilər.

Eyni zamanda tələbələr və təqaüdçülər üçün dövlətin sosial öhdəliklərinə uyğun olaraq diferensial tariflərin tətbiqi zəruridir. Bu, həm sosial müdafiəni gücləndirər, həm də gənclərin və yaşlıların ictimai nəqliyyata çıxışını asanlaşdırar".

AQC sədri əlavə edib ki, digər mühüm məsələ isə transfer gedişləridir:

"Qonşu Türkiyə və bir sıra Avropa ölkələrində tətbiq edilən sistemə əsasən, müəyyən vaxt intervalı ərzində edilən ikinci və sonrakı gedişlər daha ucuz tariflə hesablanır. Bu modelin Bakı üçün də tətbiqi xüsusilə metro–avtobus və avtobus–avtobus keçidlərində sərnişinlərə ciddi üstünlük verə bilər.

Bununla yanaşı, ictimai nəqliyyatda nağd ödənişlərin tamamilə aradan qaldırılması və bütün sistemin elektron, nağdsız ödəniş üzərindən qurulması artıq müasir şəhər standartlarının tələbidir. Bu, həm şəffaflığı artırar, həm də xidmət keyfiyyətini yüksəldər.

Ümumilikdə aylıq və illik kartların tətbiqi, sosial qruplar üçün güzəştlər, transfer gedişlərində endirimlər və nağdsız ödənişlərin təşviqi ictimai nəqliyyatdan istifadəni daha cəlbedici edə bilər. Bu isə şəxsi avtomobillərdən asılılığın azalmasına, nəticə etibarilə şəhərdə tıxacların mərhələli şəkildə aradan qaldırılmasına real töhfə verə bilər".

Orxan Hüseyn

Son xəbərlər