Hava ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ!

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
BAKU.WS xəbər verir ki, FHN əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
"Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur", - müraciətdə qeyd olunub.
Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur:
"Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar".
Nazirlikdən bildirilib ki, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Oxşar xəbərlər
Sabah Biləsuvarda əmək yarmarkası keçiriləcək
Aprelin 16-da Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçiriləcək. "Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Şirvan-Salyan Regional Məşğulluq fil...