Güclü yağışlar və sel hansı ziyanları vurur? - VACİB AÇIQLAMA

Güclü yağışlar və sel hansı ziyanları vurur? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 83

İqlim dəyişikliklərinin nəqliyyat infrastrukturu üzərində yaratdığı risklər və çağırışlardaima müzakirə mövzusudur.

BAKU.WS-in məlumatına görə, iqlim dəyişiklikləri artıq gələcəyin deyil, bu günün problemidir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, xüsusilə nəqliyyat sektoru həm iqlim təsirlərinə həssasdır, həm də iqtisadi fəaliyyət üçün kritik əhəmiyyət daşıyır.

O qeyd edib ki, artan iqlim riskləri özünü müxtəlif formalarda göstərir:

"Belə ki, güclü yağışlar və sellər yolların və körpülərin zədələnməsinə səbəb olur, daşqınlar və sahil eroziyası liman və sahil infrastrukturu üçün təhlükə yaradır. Eyni zamanda, dağlıq bölgələrdə torpaq sürüşmələri riski artır, temperatur dəyişiklikləri isə asfalt və relslərin deformasiyasına gətirib çıxarır.

Problem artıq sistemli xarakter alıb. Bu isə logistika və təchizat zəncirlərində gecikmələrə, iqtisadi itkilərin artmasına və hərəkət təhlükəsizliyinin zəifləməsinə səbəb olur. Bu baxımdan, məsələnin planlaşdırma səviyyəsində həlli zəruridir".

Ekspert adaptasiya tədbirlərinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, risklərin xəritələşdirilməsi, o cümlədən sel və su basma zonalarının GIS vasitəsilə müəyyən edilməsi önəmlidir:

"Həmçinin iqlim və infrastruktur məlumatlarının ictimaiyyət üçün açıq olması vacibdir. Bununla yanaşı, dayanıqlı layihələndirmə prinsiplərinin tətbiqi də əsas şərtlərdən biridir. Yeni yollar və körpülər iqlim riskləri nəzərə alınaraq tikilməli, drenaj və qoruyucu sistemlər gücləndirilməlidir. Eyni zamanda, erkən xəbərdarlıq sistemləri və vətəndaşların məlumatlandırılması kimi böhran kommunikasiya mexanizmləri də inkişaf etdirilməlidir".

Rauf Ağamirzəyev Azərbaycanın bu baxımdan xüsusi risk zonasında olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, dağlıq ərazilərdə torpaq sürüşmələri, aran zonalarda sel və su basma, sahil bölgələrində isə su səviyyəsinin artması kimi risklər mövcuddur. Bu səbəbdən iqlim risklərinin düzgün qiymətləndirilməsi və infrastrukturun uyğunlaşdırılması strateji zərurət hesab olunur".

Sonda ekspert qeyd edib ki, iqlim dəyişiklikləri artıq nəqliyyat sektoruna təsir edən ən kritik faktorlardan birinə çevrilib və bu gün atılan adaptasiya addımları gələcəkdə daha dayanıqlı və təhlükəsiz infrastrukturun təmin olunmasına xidmət edəcək.

Məlumat üçün bildirək ki, bu yanaşmalar United Nations Economic Commission for Europe tərəfindən hazırlanmış "Climate Change Impacts and Adaptation for International Transport Networks" hesabatında da əksini tapıb.

Orxan Hüseyn

Son xəbərlər