Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir

İnformasiya təhlükəsizliyi, xüsusilə də media sahəsində yalnız texniki məsələ deyil, dövlət təhlükəsizliyinin vacib bir hissəsidir.
BAKU.WS xəbər verir ki, bu sözləri "Global Media Group"un idarə heyətinin üzvü Orxan Məmmədov parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyasının "Azərbaycanın media resurslarına kiberhücumlar" mövzusunda keçirdiyi ictimai müzakirədə çıxışı zamanı deyib.
O.Məmmədov xatırladıb ki, bu il fevralın 20-si səhər saat 10 radələrində "Global Media Group"una qarşı ciddi və genişmiqyaslı kiberhücum həyata keçirilib:
"Hücum ilk olaraq "Baku TV"nin daxili serverlərinə yönəldi, daha sonra report.az, oxu.az, baku.ws, caliber.az və media.az kimi ölkənin aparıcı xəbər portallarına yayıldı.
İT komandamızın və dəvət olunmuş müvafiq qurumların operativ müdaxiləsi nəticəsində virusun yayılması dayandırıldı. Lakin təəssüf ki, bəzi serverlərdə məlumat itkisi yaşandı və saytların fəaliyyəti qısa müddət də olsa pozuldu".

İdarə heyətinin üzvü əlavə edib ki, həmin dövrdə serverlərdə mütəxəssislərin tövsiyə etdiyi, beynəlxalq səviyyədə tanınmış qabaqcıl müdafiə sistemləri mövcud idi:
"Buna baxmayaraq, hakerlər çox yüksək səviyyəli və az tanınan metodlardan istifadə edərək müdafiə səddini aşa bildi. Bu, bir daha göstərdi ki, qarşı tərəfin hazırlıq səviyyəsi qeyri-adi dərəcədə güclü idi".

Onun sözlərinə görə, görülən tədbirlər çərçivəsində saytların daha yaxşı qorunan data-mərkəzinə köçürülməsi və server infrastrukturunun tam yenidən qurulması qərarı verildi:
"Paralel olaraq, beynəlxalq kibertəhlükəsizlik şirkətləri ilə daimi əməkdaşlıq başlanıldı və şəbəkə avadanlıqları yeniləndi. Bu hadisə bizə bir daha sübut etdi ki, informasiya təhlükəsizliyi, xüsusilə də media sahəsində yalnız texniki məsələ deyil, dövlət təhlükəsizliyinin vacib bir hissəsidir. Bu istiqamətdə davamlı investisiya və preventiv tədbirlər görmək zəruridir".

Oxşar xəbərlər
Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
"Paytaxtda tikilən yeni binaların əksəriyyəti zəlzələyə davamlıdır". Bu fikri əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Baku TV-nin "Aktual Gündəm" verilişi...