Gələn il 66 min körpəyə birdəfəlik müavinət veriləcəyi proqnozlaşdırılır

Gələn il 66 min körpəyə birdəfəlik müavinət veriləcəyi proqnozlaşdırılır
Sosial 121

Gələn il uşağın anadan olmasına görə verilən müavinətlərin ümumi məbləğinin 39.97 milyon manat olacağı proqnozlaşdırılır.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edək ki, 2024-cü ildə bu istiqamət üzrə xərclər 31.89 milyon manat təşkil edib. Cari ilin sonuna bu rəqəmin 35.95 milyon manat olacağı proqnozlaşdırılıb. DSMF-nin 2025-ci ilin büdcəsində isə bu rəqəm 35 milyon manat nəzərdə tutulub.

2024-cü ildə bu müavinətdən 64 394 nəfər yararlanıbsa, 2025-ci ilin sonuna göstəricinin 65 495 nəfərə, 2026-cı ildə isə 66 615 nəfərə yüksələcəyi gözlənilir.

Hesablamalara görə, 2024-cü ildə hər doğulan uşaq üçün orta hesabla 495 manat, 2025-ci ildə 550 manat, 2026-cı ildə isə 600 manat məbləğində müavinət ödəniləcək.

Qeyd edək ki, cari ilin 1 iyul tarixindən etibarən uşağın doğulmasına görə birdəfəlik müavinətin məbləği 500 manatdan 600 manata yüksəldilib.

Eyni zamanda, uşağın anadan olmasına görə müavinət alan şəxslərin sayı ilə bağlı da müəyyən dəyişikliklər var. 2023-cü illə müqayisədə 2024-cü ildə bu müavinət alanların sayı 1 934 nəfər və ya 2.9% azalıb. Cari ilin I yarımillik dövründə isə uşağın doğulmasına görə müavinətlə təmin olunmuş sığortaolunanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 398 nəfər və ya 7.9% azdır.

Son xəbərlər