Fermerler problem yaşayırlar: "Heyvanlarımızı bazara çıxarıb sata bilmirik"

Fermerler problem yaşayırlar: Heyvanlarımızı bazara çıxarıb sata bilmirik
Sosial 35

2025-ci ilin oktyabr ayından başlayaraq iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması səbəbindən ölkə ərazisindəki heyvan satışı bazarlarının fəaliyyəti dayandırılıb.

Hazırda bəzi satış məntəqələri işini bərpa etsə də, şimal zonasının ən iri ticarət mərkəzi hesab olunan Xaçmaz rayonundakı bazar hələ də bağlı olaraq qalır. Yaranmış bu durum yerli fermerlər üçün ciddi problemlər yaradıb.

"Heyvanlarımızı satmaq üçün bazar tapa bilmirik. Dəyəri 500 manat olan qoyunu alıcılar 300-350 manata istəyirlər. Bazar olmadığı üçün rəqabət mühiti də yoxdur. Satışlarımız tamamilə dayanıb. Yem ehtiyatımız, otumuz tükənmək üzrədir. Məhsulları almaq üçün heyvanımı harada sata bilərəm?!" - deyə fermer Səbuhi Nəzərov narazılığını ifadə edib.

Mövcud problemlə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Baku TV-yə bildirilib ki, indiyə qədər ölkə üzrə təxminən 10 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib və bu məntəqələrdə müasir standartlara uyğun infrastruktur formalaşdırılıb:

"Hazırda Xaçmazda və digər bir neçə heyvan bazarında intensiv şəkildə təmir-bərpa və rekonstruksiya tədbirləri həyata keçirilir. İşlər tamamlandıqdan sonra sahibkarın müraciətinə əsasən, agentliyin qiymətləndirmə komissiyası tərəfindən əraziyə baxış keçiriləcək. Yekun rəy təsdiqləndikdən sonra həmin bazarın fəaliyyətinin bərpası məsələsinə baxılacaq".

Son xəbərlər