Ev tikdirmək, yoxsa hazır ev almaq daha sərfəlidir? - AÇIQLAMA

Bakıda hazır ev almaq, yoxsa tikdirmək məsələsi geniş müzakirə olunan məsələlərdən biridir. Bu sual son zamanlar əmlakla maraqlanan bir çox insanın ağlını qarışdırır.
BAKU.WS-in məlumatına görə, qiymətlərin artması, tikinti materiallarının bahalaşması və söküntü xəbərləri fonunda bu qərarı vermək daha da çətinləşib.
Hər iki variantın üstünlükləri və çatışmazlıqlarını təqdim edirik:
Hazır ev almağın üstünlükləri
Zaman qənaəti – Ev artıq hazırdır, sənədləşmə tamamlandıqdan sonra dərhal köçə bilərsiniz.
İnfrastruktur – Əksər hallarda hazır evlər şəhərin inkişaf etmiş, kommunikasiya ilə təmin olunmuş ərazilərində yerləşir.
Kredit və ipoteka imkanı – Banklar hazır mənzillərə daha asan ipoteka verir.
Risk azlığı – Tikinti ilə bağlı gecikmə, keyfiyyətsiz iş və ya sənəd problemi kimi risklər minimuma enir.
Mənfi cəhətlər:
Bahalı ola bilər – Xüsusilə mərkəzdə yerləşən yeni tikililərdə kvadrat metri 2500–3500 AZN-dək yüksələ bilər.
Zövqə uyğun olmaya bilər – Layihə və interyer dəyişiklikləri əlavə xərc tələb edə bilər.
Ev tikdirməyin üstünlükləri
Daha sərfəli qiymətə başa gələ bilər – Xüsusilə şəhərdən kənar torpaq alınıb, mərhələli şəkildə tikinti aparıldıqda ümumi xərc daha aşağı ola bilər.
Tam öz zövqünüzə uyğun tikilir – Layihə, otaqların sayı, materiallar və digər detalları siz seçirsiniz.
Gələcəkdə kirayə və ya satış üçün daha əlverişli ola bilər – Yaxşı layihə və keyfiyyətli tikinti bazar dəyərini artıra bilər.
Mənfi cəhətlər:
Zaman və enerji tələb edir – Tikinti prosesi aylarla, hətta illərlə çəkə bilər.
Büdcə riski – Tikinti zamanı qiymət dəyişə bilər, əlavə xərclər yarana bilər.
İcazə və sənədləşmə çətinlikləri – Şəhərsalmaya uyğunluq, çıxarış almaq və digər prosedurlar zaman alır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə açıqlamasında bildirib ki, ev tikdirmək hazır ev almaqdan daha ucuz başa gəlir:
"Uzun illər bina evlərində yaşayan şəxslərin həyət evləri almaq halları çox olur. Lakin şəhərin mərkəzində həyət evi almaq xeyli baha başa gəlir. Şəhərdən kənarda fərdi yaşayış evinə malik olmaq əlçatan olur.
Hesab edirəm ki, ev tikdirmək hazır ev almaqdan daha ucuz başa gəlir. Lakin bəzən bunun əksini də görə bilərik. Burada müəyyən obyektiv səbəblər var. 200 kvadratlıq həyət evini inşa etmək üçün minimum 350 kvadratlıq torpaq sahəsi lazımdır. Bu torpaq sahəsini misal üçün Xırdalandan almaq istəsək, bizə 80 min manat və onun üzərində 200 kvadratlıq fərdi yaşayış evini inşa etmək üçün orta hesabına təqribən 500 manatdan götürsək, 100 min manat əlavə pul lazımdır.
Texniki şərtlər və digər məsələləri nəzərə alsaq 200 min manat məbləğ alınacaq. Lakin Xırdalanda 200 min manata və ya daha az məbləğə evlər də tapmaq olur. Bu məsələdə bir az zövqlər böyük rol oyanyır. Evin otaqlarının sayı, forması və sahəsi vacib rol oynayır. Yəni kimsə öz zövqünə uyğun və daha funksional ev istəyirsə, onda tikdirməyə üstünlük verir. Ancaq əksi olanda daha ucuz qiymətə hazır ev tapmaq olur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Gürcüstanlı din xadimi: Şuşada olmaq mənə yuxu kimi gəlir
Uzun illər sonra İlham Əliyevin sayəsində bu günləri görmək olduqca sevindirici haldır. BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında gürcüstanlı din xadi...
