Dələduzların yeni üsulu: Kartınıza pul köçürüb sizi tələyə salırlar
Bank kartına tanımadığınız bir şəxsdən gözlənilmədən pul daxil olarsa, ilk və ən vacib addım həmin vəsaiti istifadə etməməkdir.
BAKU.WS-in məlumatına görə, belə köçürmələr hər zaman səhvən baş vermir. Bu, dələduzluq sxemlərinin bir hissəsi olur və vətəndaş bilmədən həmin prosesə cəlb edilə bilər.
Qeyd edək ki, bəzi hallarda dələduzlar vətəndaşın xəbəri olmadan kart məlumatlarını ələ keçirir və həmin hesablara müxtəlif mənbələrdən pul köçürürlər. Daha sonra bu vəsaitlər sürətlə başqa hesablara yönləndirilir. Beləliklə, kart sahibi fərqində olmadan qanunsuz maliyyə əməliyyatlarının iştirakçısına çevrilə bilər.
Vəkil Vamiq Şükürov hesab edir ki, bu cür hallarda əsas risk vətəndaşın vaxtında tədbir görməməsi və ya həmin vəsaiti istifadə etməsidir:
"Çünki qanunvericiliyə əsasən, kart hesabına səhvən və ya əsassız daxil olan puldan istifadə etmək "əsassız varlanma" kimi qiymətləndirilə bilər. Bu halda şəxs həmin məbləği geri qaytarmaq öhdəliyi daşıyır. Əks halda, pulun sahibi məhkəməyə müraciət edərək vəsaitin geri alınmasını tələb edə bilər.
Ən düzgün addım isə dərhal xidmət göstərən banka məlumat verməkdir. Bu, vətəndaşın hadisə ilə əlaqəsinin olmadığını rəsmi şəkildə təsdiqləyir və mümkün hüquqi problemlərin qarşısını alır.
Xüsusilə diqqət edilməli məqam ondan ibarətdir ki, əgər vətəndaş dələduzların yönləndirməsi ilə həmin vəsaiti başqa hesaba köçürərsə, sonradan yaranan zərəri öz hesabına ödəməli ola bilər. Bu isə həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır".
Xatırladaq ki, məbləğindən asılı olmayaraq, karta daxil olan şübhəli köçürmələr barədə dərhal banka məlumat verilməli və heç bir əməliyyat aparmamalıdır.
Oxşar xəbərlər
Yatmazdan əvvəl bunları etməyin - Həkimdən vacib məsləhətlər
Yuxu keyfiyyətini dərmansız yaxşılaşdırmaq üçün bir sıra sadə qaydalara əməl etmək kifayətdir. BAKU.WS xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru, som...