Chatgpt ilə müalicə olunmaq təhlükəlidir? - Tanınmış professor danışdı
"Payızın gəlişi ilə bağlı da müəyyən risklər artır. Havaların dəyişkən olması, temperaturun kəskin şəkildə yüksəlib-enməsi və insanların hava şəraitinə uyğun geyinməməsi soyuqdəymə və virus infeksiyalarının yayılmasına şərait yarada bilər".
Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.
Tanınmış professorun sözlərinə görə, COVID-19 pandemiyası başa çatsa da, respirator infeksiyaların və müxtəlif epidemiyaların davam etdiyini nəzərə almaq lazımdır:
"Buna görə də payız mövsümündə epidemioloji vəziyyət diqqətdə saxlanılmalıdır.
COVID-19 ilə adi soyuqdəyməni yalnız əlamətlərə əsasən bir-birindən dəqiq ayırmaq həmişə mümkün olmur. Bəzi hallarda xəstəlik çox yüngül simptomlarla müşahidə olunur, digər hallarda isə daha ciddi əlamətlərlə özünü göstərə bilər. Bu səbəbdən COVID-19-un dəqiq diaqnostikası müvafiq test vasitəsilə aparılmalıdır. Hazırda apteklərdə istifadə üçün nəzərdə tutulan testlər də mövcuddur və insanlar onları təlimata uyğun şəkildə tətbiq edə bilərlər".
Adil Qeybulla əlavə edib ki, ən vacib məsələlərdən biri isə özbaşına və internet üzərindən müalicədən çəkinməkdir:
"Virus infeksiyası zamanı insanın edə biləcəyi əsas tədbirlərdən biri kifayət qədər maye qəbul etmək və istirahət, xüsusilə də yataq rejiminə əməl etməkdir. Bol maye qəbulu orqanizmin maye balansının qorunmasına, susuzlaşmanın qarşısının alınmasına və xəstəlik zamanı yaranan maddələr mübadiləsi məhsullarının orqanizmdən xaric edilməsinə kömək edir.
Əksər virus infeksiyalarında orqanizmin immun sistemi xəstəliklə özü mübarizə aparır. Lakin xəstəliyin ikinci-üçüncü günündə vəziyyət yaxşılaşmırsa, temperatur 39,5 dərəcə və daha yuxarı qalxırsa və ya xəstənin ümumi vəziyyəti ağırlaşırsa, mütləq həkimə müraciət edilməlidir.
Belə hallarda dərman preparatları, o cümlədən parasetamol və digər vasitələr yalnız həkim məsləhəti və təyinatı əsasında qəbul edilməlidir. Özbaşına dərman, xüsusilə antibiotik istifadəsi isə məqsədəuyğun deyil".
Orxan Hüseyn
Oxşar xəbərlər
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
Bakının Nərimanov rayonu, Nemət Quliyev küçəsini (Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) Xırdalan şəhəri (Bakı Mühəndislik Universiteti) ilə əlaqələndirən 199 nöm...