Çaylarda balıqlar buna görə yoxa çıxır

Çaylarda balıqlar buna görə yoxa çıxır
Video
Sosial 195

Son illər ölkənin bir çox çay və göllərində balıq ehtiyatlarının sürətlə azalması ekoloji baxımdan ciddi narahatlıq doğurur. Bu azalma təkcə təbiətə deyil, eyni zamanda balıqçılıqla dolanan insanların sosial-iqtisadi vəziyyətinə də mənfi təsir göstərir.

BAKU.WS-in məlumatına görə, zaman-zaman sosial şəbəkələrdə yayılan görüntülər problemin əsas səbəblərindən birini açıq şəkildə ortaya qoyur.

Belə ki, çay yataqlarına qanunsuz şəkildə torlar, kollektorlar və müxtəlif süni maneələr quraşırılır. Bu cür qurğular əsasən qanunsuz balıq ovu məqsədilə çaylara yerləşdirilir.

Qeyd edək ki, torlar və kollektorlar suyun təbii axınını pozur, balıqların miqrasiya və hərəkət yolunu bağlayır. Nəticədə balıqlar ya kütləvi şəkildə tutulur, ya da təbii yaşayış mühitindən məhrum olaraq məhv olur. Xüsusilə kürüləmə dövründə bu cür süni maneələrin mövcudluğu balıq populyasiyasına ağır zərbə vurur, yeni nəsil balıqların formalaşmasının qarşısını alır.

Məlum proseslər nəzarətsiz davam edərsə, yaxın illərdə bəzi çay və göllərdə balıq ehtiyatlarının tam tükənməsi real təhlükəyə çevrilə bilər. Bu isə ekosistemin pozulması, bioloji müxtəlifliyin azalması və təbii tarazlığın sıradan çıxması deməkdir.

Problemin qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən nəzarətin gücləndirilməsi, çay və göllərə qanunsuz texniki müdaxilələrə qarşı sərt cəza tədbirlərinin tətbiqi, eləcə də ictimai nəzarətin artırılması zəruri hesab olunur. Yalnız kompleks və ardıcıl tədbirlər sayəsində su hövzələrində balıq ehtiyatlarının qorunması və bərpası mümkün ola bilər.

Orxan Hüseyn

Son xəbərlər