Borc mübahisələri ilə bağlı YENİ HÜQUQİ QƏRAR - Yazılı sübutlar əsas götürələcək?
Konstitusiya Məhkəməsi fiziki şəxslər arasında borc müqavilələri ilə bağlı mühüm qərar qəbul edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Plenum iş üzrə hakim R.Quliyevin məruzəsini, Bakı Apellyasiya Məhkəməsinin müraciətini, Milli Məclis Aparatının mülahizəsini, eləcə də Ali Məhkəmə, Sumqayıt Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası və ekspertlər tərəfindən təqdim olunmuş rəyləri araşdıraraq qərar qəbul edib.
Qərara əsasən, Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsində göstərilən "başqa hal" kimi nəzərə alınması üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi Milli Məclisə tövsiyə olunub.
Konstitusiya Məhkəməsi qeyd edib ki, məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər arasında bağlanan borc müqavilələrinin və onların şərtlərinin müxtəlif yazılı sübutlarla təsdiqlənməsi imkanı istisna edilməməlidir.
Həmçinin qərarda vurğulanıb ki, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədilə bu hüquqi mövqe qərarın qüvvəyə mindiyi tarixdən sonra yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələrə şamil ediləcək.
Qərar dərc edildiyi gündən qüvvəyə minir və qətidir. O, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi şəkildə təfsir oluna bilməz.
Oxşar xəbərlər
Ağdərəyə daha 12 nəfər köçürülüb
Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 2 ailə olmaqla 12 nəfər köçürülüb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Xankəndi şəhərində Ağdərə və Xocalı rayonla...