Bayram tətilini xaricdə keçirmək neçəyə başa gəlir? - QİYMƏTLƏR
Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin ardıcıl olması səbəbindən 5 günlük tətil elan olunub.
BAKU.WS-in məlumatına görə, bu həm ölkə xaricinə, həm də Azərbaycanın regionlarına səfərlərdə ciddi canlanma yaradıb.
Hazırda vətəndaşların istirahət məqsədilə səyahətlərə marağı əvvəlki illərlə müqayisədə daha yüksək qiymətləndirilir.
Turizm üzrə ekspert Rəhman Quliyev BAKU.WS-ə bildirib ki, xarici istiqamətlər arasında ən çox üstünlük verilən ölkə ənənəvi olaraq Türkiyədir:
"Yay mövsümünün başlaması və hava şəraitinin əlverişli keçməsi səbəbindən xüsusilə Antalya və Alanya istiqamətlərinə tələbat əhəmiyyətli dərəcədə artıb. Dəniz turizminə maraq göstərənlərin böyük hissəsi məhz bu marşrutlara üstünlük verir.
Bundan başqa, turistlərin seçimləri arasında Misirin Şarm əl-Şeyx kurortu da ön sıralarda yer alır. Eyni zamanda Orta Asiya ölkələrinə - xüsusilə Özbəkistan və Qazaxıstan istiqamətlərinə də maraq müşahidə olunur. Son dövrlərdə bu ölkələrə həm turistik, həm də mədəni səfərlərin sayı artmaqdadır.
Bununla yanaşı, dünyada baş verən siyasi gərginliklər, müharibələr və bəzi ölkələr arasında diplomatik münasibətlərin soyuması turizm sektoruna da təsirsiz ötüşməyib. Xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr bir sıra məşhur turizm marşrutlarında müəyyən çətinliklər yaradıb.
Əvvəlki illərdə azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlər sırasında BƏƏ, xüsusilə Dubay və Əbu-Dabi şəhərləri, eləcə də Qətərin paytaxtı Doha yer alırdı. Lakin regionda yaranan gərgin vəziyyət və təhlükəsizliklə bağlı narahatlıqlar həmin istiqamətlərə marağın azalmasına səbəb olub.
Hazırda bəzi marşrutlar üzrə uçuşlarda məhdudiyyətlərin tətbiq edilməsi, həmçinin aviareyslərin sayının azalması turist axınına birbaşa təsir göstərir. Bu səbəbdən də bir çox vətəndaş alternativ olaraq daha təhlükəsiz və rahat hesab edilən istiqamətlərə üstünlük verməyə başlayıb.
Antalya və Alanya bölgələrinə gediş-dönüş aviabileti, hava limanında qarşılama və yola salınma xidmətləri daxil olmaqla bir həftəlik tur paketlərinin qiyməti iki nəfər üçün təxminən 3000-4000 manat arasında dəyişir. Paketlərə əksər hallarda hotel yerləşməsi və müxtəlif istirahət xidmətləri də daxildir.
İstanbul istiqamətində isə Qurban bayramı ərəfəsində tələbat daha da artıb. Bu marşrut üzrə iki nəfərlik paketlərə gediş-dönüş biletləri, hotel, qarşılama-yola salma və səhər yeməyi daxildir. Eyni zamanda bəzi hotellərdə SPA və əyləncə mərkəzlərindən istifadə imkanı da təqdim olunur. İstanbul paketləri əsasən 5 günlük olur və qiymətlər təxminən 1500–2200 manat arasında dəyişir.
Şarm əl-Şeyx istiqamətində 7 gecə, 8 günlük paketlər geniş təklif olunur. Bu paketlərə gediş-dönüş aviabileti, hotel, qarşılama, yola salınma və səyahət sığortası daxildir. İki nəfər üçün qiymətlər təxminən 3500 manatdan başlayır. Daha münasib büdcəli - 3 və ya 4 ulduzlu hotellərdə isə paketləri 2500–2700 manat aralığında tapmaq mümkündür".
Orxan Hüseyn
Oxşar xəbərlər
Yeni qaydalar əlillik dərəcələrinin alınmasını asanlaşdıracaqmı? - FOTO
Nazirlər Kabineti "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin...