Bayram günlərində bunu edənlərə XƏBƏRDARLIQ

Bayram günlərində bunu edənlərə XƏBƏRDARLIQ
Sosial 97

Bayram günləri hər kəs üçün sevinc, birlik və əyləncə vaxtıdır. Küçələr şənlik ruhu ilə dolur, insanlar bir-birini təbrik edir, ailələr və dostlar bir araya gəlir.

Lakin bayram əhval-ruhiyyəsini korlayan bir problem də gündəmə gəlir. Çoxmənzilli binaların həyətində və yaşayış məhəllələrində pirotexniki vasitələrdən geniş istifadə olunur.

Kiçik partlayışlar və yüksək səslər, əyləncənin arxasında ciddi təhlükə və narahatlıq doğurur. Bu problem yalnız səs-küy və narazılıq yaratmaqla qalmır, həm də insanların sağlamlığı və ətraf mühit üçün real risklər meydana gətirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur:

"Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan şəxslər, azyaşlılar tərəfindən istifadə edilir və əksər hallarda bədbəxt hadisələrlə nəticələnir.

Qanuna nəzər salsaq, pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər. Ona görə də hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq".

Oxşar xəbərlər

Son xəbərlər