Bakıda əməliyyat zamanı çəkiliş aparılan klinika ilə bağlı QƏRAR

Bakıda əməliyyat zamanı çəkiliş aparılan klinika ilə bağlı QƏRAR
Sosial 969

Son günlərdə sosial şəbəkələrdə və mediada tibb işçilərinin əməliyyat zamanı canlı yayımlar aparması və kənar şəxslərin çəkiliş etməsi faktları qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

Bildirilib ki, belə hallarla əlaqədar AEM tərəfindən mövcud qanunvericilik çərçivəsində araşdırmalar aparılır və nəticələrə uyğun olaraq, xəbərdarlıq və cərimə tədbirləri görülür.

Vurğulanıb ki, mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 4C ünvanında yerləşən "Health Group" MMC-yə ("Medipoint" klinikası) məxsus tibb müəssisəsində növbədənkənar (plandankənar) yoxlama həyata keçirilib.

Yoxlama zamanı müəyyən olunub ki, 07 iyul 2025-ci il tarixində pasiyentə qadın konsultasiyası çərçivəsində həkim Vüsalə Rəhimova tərəfindən endometriyanın kəsilməsi (ketçinq) və diaqnostik histeroskopiya əməliyyatı icra edilib. Ambulator müşahidə kartında və əməliyyatların qeydiyyat jurnalında əməliyyatla bağlı məlumatlar mövcuddur. Lakin histoloji müayinənin nəticələri əməliyyat jurnalında əks olunmayıb.

Eyni zamanda, yoxlama zamanı klinikada ekstrakorporal mayalanma (EKM) prosedurlarının aparılması üçün lazımi maddi-texniki bazanın olmadığı, yalnız hazırlıq mərhələsinin həyata keçirildiyi aşkar edilib. Həkim Vüsalə Rəhimova mama-ginekologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmiş olsa da, EKM ilə bağlı tələb olunan sənədlər yoxlama zamanı təqdim edilməyib.

Araşdırmanın nəticəsi olaraq, həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub.

"Əlavə olaraq bildiririk ki, əməliyyat zamanı həkimin və ya kənar şəxsin sosial şəbəkələrdə canlı yayım və çəkiliş aparması Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli əmri ilə təsdiq olunmuş "Həkimlərin etik davranış qaydaları"na və digər müvafiq normativ hüquqi aktlara ziddir.

Etik davranış qaydalarının VI bölməsinə əsasən:

"Həkimlərin tibbi xarakterli çıxışları yalnız elmi-praktik məzmun daşımalı, reklam xarakteri daşımamalıdır. Həkim öz vəzifəsindən hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliği üçün istifadə etməməlidir".

Bu cür çəkilişlər, eyni zamanda, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinin tələblərinə ziddir və İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə uyğun olaraq:

- vəzifəli şəxslər 300-500 manat,

- hüquqi şəxslər isə 1000-2000 manat məbləğində cərimə oluna bilərlər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sosial şəbəkələr və media vasitəsilə bu kimi hallar barədə ictimaiyyəti və tibb müəssisələrini daim məlumatlandırır və xəbərdarlıq edir.

Vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə AEM-ə müraciət edə bilərlər:

- "Bir pəncərə" sektoru;

- Qaynar xətt: (012) 596 05 20;

- E-poçt: [email protected];

- Rəsmi sayt: www.pharma.az ("Müraciət" bölməsi).

Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun araşdırılır və zərurət yarandıqda plandankənar yoxlamalar həyata keçirilir", - məlumatda deyilir.

Son xəbərlər