Azərbaycanlı pilot Bakıda "Formula-1"ə belə hazırlaşdı (VİDEO)
İyunun 17-19-da Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-prisinə az müddətin qaldığı bir ərəfədə yarışın rəsmi elçisi Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasını sınaqdan keçirib.
AZƏRTAC xəbər verir ki, mayın 29-da 19 yaşlı istedadlı "Formula-3" pilotumuz Gülhüseyn Abdullayev GP3 seriyasına aid yarış avtomobilində Bakı Şəhər Halqasında yüksək sürətlə 4 dövrə vurub. Sınaq yürüşünə Azadlıq meydanında yerləşən Pit binasının qarşısında start verilib və yürüş eyni yerdə başa çatıb.
Gənc pilot ən yeni "Formula-1" trekindəki sürət nümayişindən sonra jurnalistlərə müsahibəsində Bakı Şəhər Halqasının yavaş və sürətli döngələrin kombinasiyasından ibarət olduğunu və digər şəhər traslarından genişliyi ilə fərqləndiyini vurğulayıb.
"Bolidlərin bütün döngələrdən rahat və qəzasız çıxması üçün yetərincə genişlik var. Qoşa qala qapısı ətrafındakı 8, 9 və 10-cu döngələr mənə daha maraqlı gəldi. İnanıram ki, yarış zamanı orada maraqlı məqamlar olacaq. Çünki trekin bu hissəsi o qədər də asan deyil. Hazırda tras boş olduğu üçün yürüşüm asan oldu. Ancaq yarış zamanı qarşıda bolidlər olacaq və həmin hissəni keçmək çətin olacaq. Təkcə döngələrə görə deyil, ümumiyyətlə, tras digər şəhər treklərindən geri qalmır. Hətta onlardan daha da yaxşıdır. Əminəm ki, bütün "Formula-1" pilotları bu yarışı səbirsizliklə gözləyir və ölkəmizdən də xoş təəssüratlarla ayrılacaqlar", - deyə Gülhüseyn Abdullayev deyib.
Proqrama görə, pilotun üç dövrə vurması nəzərdə tutulmuşdu: "Ancaq trası çox sevdiyim üçün dayana bilmədim, bir dəfə də artıq trek boyu dövrə etdim. Avropa Qran-prisində hansı pilotun qalib gələcəyini öncədən söyləmək çətindir. Bütün pilotlar Bakı Şəhər Halqasında ilk dəfə güclərini sınayacaqlar".
"Euro Formula"nın Avropada ən nüfuzlu "Formula-3" yarışı olduğunu diqqətə çatdıran pilot bu turnirdə İspaniyanın "Kampos" komandasının heyətində çıxış etdiyini vurğulayıb. O bildirib ki, 7 mərhələlik yarışın artıq ikisi başa çatıb. Növbəti yarışımız gələn həftə Fransada təşkil olunacaq. Ümid edirəm ki, həmin yarışdan uğurlu nəticə ilə geri dönəcəyəm.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda son hazırlıq (FOTO)
İyunun 17-dən 19-dək Bakıda ilk dəfə təşkil olunacaq "Formula-1" üzrə Avropa Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yarışa son hazırlıq i...