Azərbaycanın avtomobil bazarında yeni dövr: Yerli zavodlar hibrid istehsalına başlaya biləcəklər?
Bu il Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb. 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə 3280 ədəd minik avtomobili və 273 ədəd yük avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 26%, yük avtomobili istehsalı isə 31,6% azalıb. Hesabat dövründə ölkədə 427 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% azdır.
Statistik göstəricilərdən də göründüyü kimi, Azərbaycanda yerli avtomobil istehsalı azalıb. Bundan öncə yerli istehsalı Çin avtomobilləri "vurmuşdu". Məlumdur ki, gələn ildən Çin avtomobillərinə, ümumiyyətlə bütün hibrid və elektromobillərə tətbiq olunan vergi güzəştləri ləğv olunur. Maraqlıdır, bu dəyişiklik yerli avtomobil istehsalını stimullaşdıra bilərmi? Ümumiyyətlə, Azərbaycanın avtomobil zavodları hibrid avtomobil istehsalına başlaya biləcəkmi?
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Yerli istehsal Avropa standartlarına uyğun hazırlanır"
Nəqliyyat eksperti Eldəniz Cəfərov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, biz yerli avtomobil istehsalına daha çox diqqət yetirməliyik: "Ölkəmizdə istehsal olunan avtomobillər digər ölkələrdə istehsal olunan avtomobillərdən geri qalmır və Avropa standartlarına uyğun hazırlanır. Üstəlik, yerli avtomobillərin böyük əksəriyyəti ölkə daxilində satılır. Məsələn, əgər 2000 avtomobil istehsal olunurdusa, onların hamısı daxili bazara çıxırdı. Son iki il ərzində isə Çindən gətirilən ucuz avtomobillər həm daxili istehsala təsir etdi, həm də bazarda müəyyən dəyişikliklər yaratdı. Burada söhbət qeyri-rəsmi gətirilən və ölkədə rəsmi nümayəndəliyi olmayan avtomobillərdən gedir. Düşünürəm ki, yeni tətbiq olunan qaydalardan sonra bu vəziyyət dəyişəcək və yerli istehsala maraq artacaq".
"30 min avtomobil istehsal ediləcək"
Mütəxəssis vurğulayır ki, artıq ölkəmizdə daha bir avtomobil zavodu tikilir və yaxın gələcəkdə onun fəaliyyətə başlaması gözlənilir: "Bu yeni zavod ildə təxminən 30 min avtomobil istehsal edəcək ki, bu da sektorda mühüm nailiyyət hesab olunur. Əlbəttə, yeni qurulan zavodlarda hibrid avtomobillərin də istehsalı nəzərdə tutulub. Ötən illər ərzində Özbəkistanın iri avtomobil konserni ilə Azərbaycan hökuməti arasında müəyyən danışıqlar aparılıb. Nəticədə qərara gəlinib ki, Azərbaycanda iri bir zavod tikilsin və bu zavodda müasir, Avropa standartlarına cavab verən minik avtomobilləri istehsal olunsun".
Yerli istehsal artsa...
Bazarda ucuz avtomobillərin çoxluğunun yerli avtomobillərin rəqabət qabiliyyətinə təsirinə gəldikdə, nəqliyyat eksperti bildirir ki, hazırda ölkəmizdə istehsal olunan avtomobil sayı o qədər çox deyil ki, bazara ciddi təsir göstərə bilsin. Lakin gələcəkdə yerli istehsal artsa, ola bilər ki, bazara müəyyən təsir göstərsin.
Yerli istehsalda müasir və innovativ avtomobillər
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev deyir ki, yerli avtomobil istehsalının azalmasının müxtəlif səbəbləri var idi: "Eyni qiymətə təqdim olunan, paralel idxal vasitəsilə gətirilən, zəmanətsiz və ehtiyat hissələrinin bəzisi tapılan, bəzisi tapılmayan avtomobillərin çoxluğu yerli istehsala mənfi təsir göstərdi. Sözsüz ki, həmin avtomobillərin funksionallıq baxımından yerli avtomobillərdən daha üstün olması müşahidə olunurdu. Amma bu, əksinə, yaxşı bir tendensiya oldu. Çünki yerli istehsal artıq bu tip rəqabəti gördü. Ümid edirəm ki, ölkəmizdə yaxın gələcəkdə daha rəqabətə davamlı avtomobillərin istehsalı həyata keçiriləcək".
E.Əliyev hesab edir ki, 2026-cı ilin üçüncü rübünə qədər Azərbaycanda yerli yığım hibrid və elektrik avtomobilləri, həmçinin müasir və innovativ avtomobilləri görə biləcəyik: "Yerli istehsal daxili bazardakı hazırkı tələbatı da qarşılayacaq. Utilizasiya prosesi sayəsində insanlar yerli istehsala daha çox yönləndirilir. Əgər yerli istehsalda daha innovativ və müasir, ekoloji təmiz avtomobillər olarsa, bu, insanları daha çox cəlb edəcək. Əminəm ki, yaxın gələcəkdə yerli istehsal olan elektrik və hibrid avtomobilləri mütləq şəkildə görəcəyik".
Oxşar xəbərlər
Rüfət Nasosnu: "Hərislik meyxanaya ləkə vurdu"
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışının qonağı meyxana ustası Rüfət Nasosnu olub. O, meyxananın hazırkı v...