Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır? - Seysmoloji Mərkəzdən xəbərdarlıq + FOTO
Son vaxtlar ölkəmizin müxtəlif bölgələrində ard-arda zəlzələlər baş verir. Yerin alt qatlarında Ərəbistan, Avrasiya, Afrika və digər bu kimi adlarla ifadə olunan və böyük ərazini əhatə edən hərəkətli səthlər – plitələr mövcuddur. Məhz həmin plitələr hərəkət edərkən bir-birinə davam gətirə bilmədikləri üçün qırılmalar baş verir və bu da zəlzələ yaradır. Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilir.
Əslində, hər gün zəlzələ baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir. Bu ilin fevral ayında Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələlər ölkəmizdə ciddi qorxu və narahatlığa səbəb oldu. Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində ard-arda zəlzələlərin olması bu narahatlığı daha da artırıb. Ardıcıl zəlzələlərin səbəbi nə ola bilər? Bu təkanlar daha güclü zəlzələnin xəbərçisidirmi?
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya Şöbəsinin müdiri Vüsalə Rafiqqızı Publika.az-a açıqlamasında bildirib ki, respublikamızda seysmik baxımdan həm quruda, həm də Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ ocaqları var.
“Ölkəmiz aktiv bölgədə yerləşir. Ümumiyyətlə, Xəzər dənizi də aktiv zonadır. Orada vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər baş verir. Bundan başqa, Şamaxı-İsmayıllı bölgəsi, cənubda Talış dağlıq sistemi, Gəncə-Daşkəsən, Şəki-Zaqatala bölgəsi də seysmik bölgələrdir. Seysmik zonalar üçün isə vaxtaşırı hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi xarakterik haldır.
Mərkəzimizin zəlzələlərin tədqiqatı bürosu 7/24 rejimində işləyir. Demək olar ki, hər gün azı 15-20, bəzən də ondan da bir az çox zəif zəlzələlər qeydə alınır. Bu zəlzələlərin maqnitudası çox zəif olur, ocaq yerin dərin qatlarında olur və onlar Yer səthinə belə gəlib çatmır. Yəni insanlar bu zəlzələləri heç vaxt hiss etmirlər. Amma seysmik bölgədə zəif hiss oluna bilən zəlzələlər də olur”.
Seysmoloq qeyd edib ki, nəinki Azərbaycan, dünyanın heç bir yerində zəlzələnin dəqiq proqnozu yoxdur və bununla bağlı heç bir seysmoloq dəqiq iddia irəli sürə bilməz:
“Sadəcə, bölgə aktivdirsə, orada nə zamansa zəlzələ baş verə bilər. Çünki əvvəldə də qeyd etdiyim kimi, bu, seysmogen bölgələr üçün xarakterik hal deyil. Tarixən Azərbaycan ərazisində də güclü zəlzələlər olub. Sonuncu dəfə dağıdıcı zəlzələ 1902-ci ildə Şamaxıda olub. Orada həm şəhər tamamilə dağılmışdı, həm də insan itkisi çox olmuşdu. Doğrudur, bizdə bir neçə il əvvəl maqnitudası 5-dən çox olan zəlzələlər oldu. Amma bu zəlzələlər güclü, dağıdıcı zəlzələlər deyildi. Yalnız lokal dağıntılar olmuşdu”.V.Rafiqqızının sözlərinə görə, əgər illər üzrə zəlzələ məlumatlarının statistikasına diqqət yetirilsə, hər il Azərbaycanda maqnitudası 3 və daha çox zəlzələlərin baş verdiyini görə bilərik:
“Hətta bəzən il ərzində onlardan bir neçəsi hiss olunur. Yəni burada söhbət aktivləşmədən getmir. Dediyim kimi, aktiv bölgə üçün hiss oluna bilən zəlzələlərin olması mümkündür. Xırda zəlzələlərin olması o baxımdan yaxşıdır ki, bu kiçik zəlzələlər böyük, dağıdıcı zəlzələnin baş verməsi ehtimalını azaldır. Nə qədər kiçik zəlzələlər çox olsa, bir o qədər də dağıdıcı zəlzələlərin qarşısını alınacaq. Çünki zəlzələ ocaqlarında enerji toplanması gedir.
Burada məsələnin başqa bir tərəfi var. Vətəndaşlarımızda qardaş Türkiyədə baş verən zəlzələnin yaratdığı psixoloji qorxu var. Yəni Türkiyədəki zəlzələyə qədər də biz ərazimizdə hiss olunmayan (3 və daha güclü maqnitudalı), bəzən də hiss olunan zəlzələlər haqqında mütəmadi məlumat yayırdıq. Sadəcə, o zaman həm insanlarımız, həm də jurnalistlər buna adi məlumat kimi yanaşırdılar. Baş verən zəlzələlərlə bağlı məlumatları yaymağımız sistemli şəkildə davam edir. Saytımızla paralel sosial şəbəkə hesablarımız da operativ işləyir”.
Şöbə müdiri əlavə edib ki, hazırda vətəndaşlarımız hiss olunmayan bir zəlzələ olanda belə, buna çox həssas yanaşırlar:
“İyulun 4-də Xəzər dənizində baş verən zəlzələ, əslində, Bakının bir çox yerlərində hiss olunmamışdı. Hətta mən özüm də hiss etməmişdim. Amma dediyim kimi, Türkiyədə baş verən zəlzələdən insanlarımızın aldığı travmalar və “Google” tərəfindən göndərilən məlumat insanlarda həyəcan yaratdı. Əslində, məlumat, zəlzələ hiss olunandan sonra göndərilmişdi. Amma insanlarda təşviş yaranmışdı. Deyim ki, “Google”un həmin proqramla verilən afterşoklar barədə məlumatlar da doğru deyildi. Biz həmin zəlzələdən sonra gecə üç, səhərə yaxın isə iki təkan qeydə almışdıq. Nə vaxt, nə də maqnituda baxımdan uyğunluq yox idi. Ümumiyyətlə, zəlzələlərin baş verməsində hansısa vaxt amili yoxdur. Zəlzələ 24 saatın hər hansı dəqiqəsində bir neçə saniyə müddətində baş verən təbii fəlakətdir. Yəni burada nə vaxt, nə yer, nə də məkanla bağlı birmənalı fikir söyləmək mümkündür”.
Seysmoloq tək Azərbaycanın deyil, bölgənin aktiv olduğunu diqqətə çatdırıb:
“Sadəcə, bir məsələ var ki, hansısa ərazidə güclü zəlzələ baş verirsə, orada ocağın sönməsi üçün müəyyən zaman kəsiyində təkanlar davam edir, amma bu müddətin bir ay, beş ay, yoxsa bir il çəkəcəyini də dəqiq təxmin etmək olmur. O təkanların arasında hiss oluna bilənlər də olur ki, bu da mümkün haldır. Bu təcrübəni Türkiyədə də müşahidə etdik. Kahramanmaraşda baş verən zəlzələdən sonra orada minlərlə təkan qeydə alındı və haradasa elə 1 000-ə yaxını hiss olundu. Odur ki, insanlarımız xırda zəlzələlər olanda qorxmasınlar. Rəsmi məlumatlara baxsınlar”.
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ ocaqları aktivləşib? - VİDEO
Bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda zəlzələ qeydə alınıb. BAKU.WS Xəzər TV-yə istinadən xəbər ver...