Avtobusdan istifadə edənlər üçün VACİB XƏBƏR - Aylıq bilet, pulsuz tranzit, güzəştlər...
"Bu il "brutto müqaviləsi" ilə bağlı çox önəmli bir mərhələ olacaq. Çünki artıq yanvarın 1-dən etibarən bu müqavilə qüvvəyə minib. Ümumilikdə söhbət tamamilə yeni bir institusional alətdən gedir. Bu mexanizm daşıyıcıların maliyyə dayanıqlığının təmin edilməsinə xidmət edəcək".
Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, sistemin tam işlək vəziyyətə gətirilməsi üçün aydınlaşdırılmalı olan bir sıra məqamlar mövcuddur:
"İlk növbədə, daşıyıcıların avtoparkında olan avtobusların tam nağdsız ödəniş sisteminə keçidi tam həll olunmalıdır. Keçən ilin oktyabr ayında gediş haqqı artırılarkən belə bir yanaşma mövcud idi ki, marşrut xətti üzrə bütün avtobuslar yenidirsə, həmin marşrutlar ilkin mərhələdə "brutto müqavilə" modelinə cəlb ediləcək.
Bu səbəbdən birinci mərhələdə tam nağdsız ödənişə keçid təmin edilməli, eyni zamanda bütün marşrut boyu avtobus parkı yenilənməlidir. Yalnız bu halda daşıyıcılar sistemin üstünlüklərindən daha tez və effektiv şəkildə faydalana biləcəklər. Bununla yanaşı, artıq hazır vəziyyətdə olan iri daşıyıcılar var ki, onlar bu mexanizmdən dərhal yararlanmaq imkanına malikdirlər. "Brutto" model çərçivəsində daşıyıcılar hər kilometr üzrə subsidiya ala biləcəklər ki, bu da maliyyə sabitliyinin əsas komponentlərindən biridir.
Bu proses üçün konkret vaxt çərçivəsi müəyyən edilib: 2026-2028-ci illər ərzində mərhələli şəkildə icra olunmalıdır. Lakin hesab edirəm ki, icra prosesi daha sürətləndirilməlidir. Çünki "brutto" modeli artıq 40 ilə yaxındır ki, dünyanın bir çox ölkəsində uğurla tətbiq olunur. Bizə ən yaxın nümunə isə Tbilisi şəhəridir - burada həmin sistem 2022-ci ilin fevral ayından etibarən tətbiq edilir".
Nəqliyyat eksperti əlavə edib ki, "Brutto müqavilə" modelinin əsas üstünlüklərindən biri də sərnişinlər üçün təqdim etdiyi imkanlardır:
"Buraya günlük və aylıq bilet paketləri, gələcək mərhələdə isə həssas qruplar üçün - tələbələr, təqaüdçülər, müharibə veteranları və digər sosial kateqoriyalar üçün - güzəştli tariflərin tətbiqi daxildir. Eyni zamanda pulsuz tranzit vaxtının müəyyən edilməsi nəzərdə tutulur. Bu müddət bəzi şəhərlərdə 90 dəqiqə, digərlərində isə 45 və ya 60 dəqiqə ola bilər.
Bu üç əsas element - bilet paketləri, sosial güzəştlər və tranzit vaxtı - sərnişinlərin nəqliyyat xərclərinin optimallaşdırılmasına xidmət edir. Məsələn, sərnişin öncədən illik və ya aylıq bilet paketi aldıqda, gündəlik xərcləri əhəmiyyətli dərəcədə azalır. Əgər vətəndaş həssas qrupa daxildirsə, ona daha aşağı tarif tətbiq olunur. Həmçinin sərnişin müəyyən vaxt aralığında bir neçə nəqliyyat növünü dəyişdikdə, əlavə ödəniş etmədən hərəkət edə bilir ki, bu da xərclərin azalmasına ciddi töhfə verir.
Nəticə olaraq düşünürəm ki, qərar artıq qəbul edilibsə, əsas məsələ onun operativ və tam icrasıdır. Bu, vətəndaşların sistemin real faydalarını hiss etməsi üçün vacibdir. Eyni zamanda, brutto modelin dünyada necə tətbiq olunduğu nəzərə alınaraq, sistemin tam funksional işləməsini təmin edən icra mexanizmləri sürətləndirilməlidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
DSMF-nin son 7 ildə gəlir və xərclərinin statistikası açıqlanıb
2018-2026-cı illər ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2,2 dəfə artıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sos...