Autizmli uşaqlarla necə davranmaq lazımdır?
Son zamanlar cəmiyyətdə davranış pozuntusu və autizimli uşaqlarla bağlı problemlər daha qabarıq şəkildə görünür. İstər sosial şəbəkələrdə, istərsə də, kollektivlərdə belə uşaqlarla davranışlarda müəyyən çətinliklər yaşanır.
Mütəxəssislər isə bunu müxtəlif səbəblərlə izah edirlər. Psixopedoqoq Aysel Məmmədova BAKU.WS-ə açıqlamasında bildirdi ki, autizmli uşaqlarla pedaqoji davranış çox həssas, planlı və anlayışlı şəkildə olmalıdır. Onun sözlərinə görə, bu uşaqlar dünyanı fərqli şəkildə qavradıqları üçün pedaqoqun da yanaşması fərqli olmalıdır.
"Hər autizmli uşaq bir-birindən fərqlidir, buna görə də hər birinə eyni metodla yanaşmaq düzgün deyil", - deyə mütəxəssis vurğulayıb.
Ekspert deyir ki, pedaqoq uşağın güclü və fərqli tərəflərini müəyyən edib, planını məhz bu xüsusiyyətlər üzərində qurmalıdır:
"Mənfi davranışlar zamanı qışqırmaq və sərt reaksiya vermək olmaz. Onun əvəzinə sakit və səbirli şəkildə izah etmək daha təsirli olur və uşağın stress səviyyəsini azaldır.
Səbir göstərmək və eyni üsulla davamlı işləmək çox vacibdir. Uşaqlarda gözəl nəticələr əldə etmək üçün valideynlə əməkdaşlıq mütləqdir, çünki qarşılıqlı əmək uşağın gələcəkdə məktəb dərslərini daha asan mənimsəməsinə kömək edir".
Aysel Məmmədovanın sözlərinə görə, bəzən cəmiyyətdə müəyyən problemli uşaqların normal insanlarla müqayisəsi zamanı problemlər yarana bilər:
"Heç vaxt autizmli uşaqları digər uşaqlarla müqayisə etmək olmaz. Bu, onların özünə inamını zədələyə bilər.
Autizmli uşaqlarda "kriz" adlanan vəziyyətlərdə (ani qəzəb, qışqırma, ağlama, özünə və ya başqasına zərər vermə hallarında) pedaqoqun sakit və idarəli qalması çox vacibdir. Uşaq böyükləri emosional güzgü kimi görür – sən sakit qalsan, o da tədricən sakitləşəcək.
Unutmaq olmaz ki, hər kriz bir sınaq deyil, uşağın daxili dünyasından gələn bir çağırışdır. Sakit qalmaq, anlamaq və qulaq asmaq bu çağırışa verilə biləcək ən gözəl cavabdır".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Birinci sinif uşaqlarının hərbi texnikaları sevinclə izləməsi görənləri kövrəldir
Zəfər bayramı ilə bağlı Bakıda keçiriləcək parada hazırlıq işləri gedir. Bu səbəbdən də, paytaxt keçələrindən hərbi texnikalarımız görünür. Bu da paytaxt sakin...