Ailədə uşaqların həyatını məhv edən əlamətlər
Ailə daxili psixoloji və fiziki şiddət uşaqlara həm qısa, həm də uzunmüddətli dövrdə çox ciddi təsir göstərir.
Bu barədə Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin psixoloqu Nigar Əhmədova BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu təsirlər bəzən dərhal özünü büruzə verir, bəzən isə illər sonra ortaya çıxır.
Psixoloji şiddətin uşaqlara təsiri
"Psixoloji təzyiq, qorxutma, təhqir, alçaltma, valideynlər arasında davamlı münaqişələr uşaqlara psixoloji təsir edir. Bu uşaqlarda qısa müddətdə təsir göstərir", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, qısa müddətdə uşaqlarda aşağıdakı əlamətlər yaranır:
• Qorxu, təşviş, ağlağanlıq
• Özünə inamsızlıq, utancaqlıq, yalana meyillilik, davranış pozuntuları
• Yuxu pozuntuları, kabuslar
• Dərsdə diqqət dağınıqlığı
• Altını islatma, barmaq əmmə kimi geriyə dönüş davranışları
Nigar Əhmədova deyir ki, uşaqlarda eyni zamanda uzun müddətdə əlamətlər yaradır:
"Uşaqlarda depressiya və anksiyete, özünü dəyərsiz hiss etmə, Güvənsizlik, sosiallaşmada çətinliklər, aqressiv və ya həddindən artıq itaətkar davranışlar yaranır".
Nigar Əhmədova əlavə edib ki, fiziki şiddətin uşaqlara təsiri iki formada olur.
Qısa müddətdə: Bədən xəsarətləri və ağrılar, davranış pozuntuları, daim qorxu içində yaşamaq, məktəbdə problemlər.
Uzun müddətdə: Travma sonrası stress pozuntusu (TSSP), aqressiya və şiddəti "normal" qəbul etmə, özünə zərər verməyə meyillilik, pis vərdişlərin yaranması (oğurluq, maddə asılılığı, yalan danışmaq, evdən qaçma halları), gələcəkdə ya şiddət göstərən, ya da şiddətə dözən bir şəxsə çevrilmə riski.
Mütəxəssis deyir ki, uşaq birbaşa şiddətə məruz qalmasa belə, valideynlər arasında baş verən şiddətə şahid olmaq uşaqlarda arzuolunmaz hallar yaradır:
"Uşağın psixikasında dərin izlər buraxır. Onun özünü təhlükəsiz hiss etməməsinə səbəb olur. Daimi stress altında böyüməsinə gətirib çıxarır".
Nə etmək olar?
Nigar Əhmədova deyir ki, ilk əvvəl uşağı təhlükəsiz mühitə çıxarmaq lazımdır:
"Onu dinləmək və hisslərini ciddiyə almaq ən vacib məsələdir. Daha sonra həmin uşaq, yaxud yeniyetmə peşəkar psixoloq dəstəyi almalıdır. Bu zaman məktəb psixoloquna və sosial xidmət orqanlarına müraciət etmək olar".
Ziya SƏCCAD
Oxşar xəbərlər
AZAL Bakı-Tehran reysini ləğv edib
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib. BAKU.WS-in məlumatına görə, AZAL-dan "APA"ya b...