Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmədə şahidlərin dindirilməsi başa çatıb
Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan "Medera" hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayevin səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilmədiyi elan olunub.
Prosesdə şahid qismində Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsinin işçisi Validə Cabbarova, "Medera Hospital"da xəzinədar vəzifəsində çalışan Güldəstə Aşurlu və xadimə Xuraman Abbasova dindirilib.
Təqsirləndirilən Ağadadaş Ağayevin vəkili hər üç şahidin məhkəmədəki ifadələri ilə ibtidai istintaqa verdikləri ifadələr arasında ziddiyyət olduğunu bildirib.
Daha sonra cinayət işi üzrə şahidlərin dindirilməsinin başa çatdığı elan olunub.
Növbəti prosesdə sənədlərin tədqiqi mərhələsi başlayacaq.
Proses fevralın 6-da davam etdiriləcək.
***14:20
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə son iki şahid ifadə verib.
Şahid Xuraman Abbasova bildirib ki, "MedEra" hospitalda xadimə işləyir. Onun sözlərinə görə, hadisə baş verən gün işdə olub:
"Ağadadaş Ağayev nalayiq ifadələr işlədə-işlədə xəstəxanaya yaxınlaşırdı. Baltanı atmağının da şahidi oldum. Ağadadaş müəllim bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi. Həmin vaxt Nəzakət xanım bir az içəridə dayanmışdı".
Ağadadaş Ağayevin vəkili Asim Abbasov şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirib.
Şahidin ifadəsi A.Ağayevi də hiddətləndirib. Belə ki, Xalq artisti ona bir neçə sual ünvanlayıb: "Siz deyirsiniz ki, balta birbaşa Nəzakət xanıma dəyib, amma yalan danışırsınız. Əlimizdə videogörüntülər var, oradan məlumdur ki, balta birbaşa Nəzakət xanıma dəyməyib. Hüquq-mühafizə orqanları sizin ifadənizi araşdıracaq. Yalan danışdığınıza görə məsuliyyət daşıyırsınız".
Prosesdə şahid qismində ifadə verən "MedEra" hospitalın xəzinədarı Güldəstə Aşurlunun sözlərinə görə, həmin gün işə gələrkən Ağadadaş Ağayevin balta ilə arxasınca gəldiyinin şahidi olub:
"İçəri daxil olanda bir nəfərin nalayiq ifadələr işlədə-işlədə Nurəddinə yaxınlaşdığını gördüm, Ağadadaş Ağayev olduğunu bilmirdim. Onlar həm qarşılıqlı dava edir, həm də söyüş söyürdülər. Ağadadaş Ağayev baltanı atanda Nəzakət xanıma dəydi. Sonra Nurəddinin üzünün qanlı olduğunun və təcili yardıma yaxınlaşdığının şahidi oldum. Həmin vaxt panikada idik, özümüzü müdafiə etmək üçün hadisə yerindən kənarda dururduq. Ona görə də hadisə tam yadımda qalmayıb".
Təqsirləndirilən şəxsin vəkili Asim Abbasov bu şahidin də ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətli məqamların olduğunu deyib. Şahid Güldəstə Aşurlu bunu hadisədən keçən müddətlə əlaqələndirib. O deyib ki, bir neçə ay keçdiyi üçün təfərrüatlar tam yadında qalmayıb.
Bununla da Xalq artistinin cinayət işi üzrə şahid ifadələri yekunlaşıb. Belə ki, növbəti prosesdə sənədlər tədqiq olunacaq. Ağadadaş Ağayev barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclaslarda yekunlaşacağı da gözlənilir.
Məhkəmənin növbəti iclası yanvarın 30-da keçiriləcək.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin "MedEra" hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.
Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.
Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Oxşar xəbərlər
Abşeronda dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib. Bu barədə Daxili İşlər Na...