Son günlər sosial şəbəkələrdə itlərin küçələrdə, zibil yeşiklərinin yanında leşlərinin fotoları yayılır.

BAKU.WS
 qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, küçə itlərinin öldürülməsinin bu quruma heç bir aidiyyatı yoxdur:

“Biz “Toplan” sahibsiz itlərə qayğı mərkəzi ilə əməkdaşlıq edirik və paytaxtdakı sahibsiz itlər yığılaraq Balaxanıda yerləşən sığınacağa aparılır. İtlərin öldürülməsi və ya digər görüntülərin bizimlə hər hansı bir əlaqəsi yoxdur. Məsələ araşdırılacaq”.

Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri, “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin İctimai platformasının üzvü Fərid Mansurov həqiqətən də hazırda Bakıda və Bakıətrafı kəndlərdə belə hadisələrin baş verdiyini bildirib:

“Azərbaycan 2017-ci ildən Avropa Konvensiyasına qoşularaq heyvan haqlarının müdafiəsini təmin etməyi öz üzərinə götürüb. Elə bu məqsədlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. Layihənin məqsədi sahibsiz heyvanlara qayğı göstərmək və cəmiyyətin onlara qarşı münasibətini dəyişdirməkdir.

Ancaq bütün bunlara baxmayaraq son günlər gündüz vaxtı itlər insanların gözü qarşısında torbalara salınaraq yığışdırılır. Gecə vaxtı müxtəlif ərazilərdə itlər öldürülür və səhər vətəndaşlar bu mənzərə ilə qarşılaşır.

Araşdırdığımız zaman bu işlərin Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən görüldüyü məlum oldu. Onlar gündüz vaxtı itləri tutub bilinməyən istiqamətə aparır. İtlərin sonrakı taleyi naməlumdur. Halbuki hazırkı şəraitdə "Toplan"ın əməkdaşlarından başqa heç kimin Bakı şəhərində və kəndlərində itləri tutmaq haqqı yoxdur. Bu, qeyri-qanunidir. Öldürmədən isə ümumiyyətlə söz gedə bilməz”.

F. Mənsurovun sözlərin görə, onlarla söhbətində MKTB işçiləri tutulan itləri “Toplan”a apardıqlarını bildiriblər:

“MKTB əməkdaşları ilə söhbətimizdə bizə bildirdilər ki, itləri “Toplan”a aparırlar. Ancaq bu, tamamilə yalan və qanunsuzdur. Mərkəzin işçiləri xüsusi formada və qanunauyğun şəkildə bu işləri həyata keçirir. Mərkəzin işçilərinin və ya bizim bu barədə hər hansı bir məlumatımız yoxdur".

BAKU.WS