SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərində binaların eyvanlarında quraşdırılmış zivələr yığışdırılır.  

Yasamal rayon sakinlərinin BAKU.WS-ə verdiyi məlumata görə, bu məqsədlə polislər tərəfindən reyd keçirilir.

Polislər mənzillərə gələrək sakinlərdən zivələrin yığışdırılması tələb edilrlər və bildirirlər ki, İcra Hakimiyyəti Bakı ərazisində küçə və prospektlərə baxan binalarda mənzillərin eyvanından paltar asaraq qurutmağı qadağan edib.

Zivəsinin kəsilməsinə etiraz edən sakinə əvvəlcə eyvandan paltar asaraq qurudulmasının qanuna zidd olduğu xəbərdarlıq edilir. Bunun ardından isə İcra Hakimiyyəti tərəfindən ayrılmış kranla eyvana qalxıb kəsirlər.

Yasamal rayon sakini Azad Əliyev İcra Hakimiyyətinin bu reydindən narazılığını belə bildirib: "Bu zivələr əsasən "xruşşovka" binalarda qurulub. Həmin bu binalar 60-cı illərdə tikilib, istismar müddəti 50 ildir və məntiqlə biz qarışıq sakinlər 8 ildən artıqdır istismar müddəti başa çatmış binalarda yaşayırıq. Bu problemlə müqayisədə zivə problemi daha qlobaldır. Bu məsələ turistləri narahat etsəydi, bir əncam çəkilərdi".

Məlumatda həmçinin bildirilir ki, bu qadağa Bakının bütün rayonlarına şamil olunacaq. Hazırda Mənzil İstismar İdarələri(MİS) və Mənzil Təsərrüfat Birliyi (MTB) işçiləri binalarda bu işlə bağlı reyd keçirirlər. Sakinlərdən tələb olunur ki, iki eyvanlı evə sahib olanlar paltarlarını küçəyə yox, həyətə baxan eyvandan assınlar. Həyətlərə baxan eyvanı olmayanların isə eyvanda quruducu asılqanlardan istifadə etməsi tələb olunur".

Qeyd edək ki, bu qərar Bakı şəhər icra başçısı vəzifəsini müvəqqəti yerinə yetirən Eldar Əzizova məxsusdur. E.Əzizov Gəncə şəhər icra başçısı vəzifəsinə gələndə də ilk qərarlarından biri binaların prospektlərə baxan mənzillərindən zivələrin yığışdırılması olmuşdu. Eyni qərarı Sumqayıt icra başçısı olanda da sözügedən şəhərdə tətbiq etmişdi.

Zülfiyyə Qurbanova
BAKU.WS