SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Texniki Universitetinin (AzTU) alimləri neftçıxarma sənayesində istifadə üçün yeni qurğu hazırlayıblar.

Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən İnstitutun elmi-tədqiqat işlərinin planlaşdırılması və ETI şöbəsinin müdiri İslam İslamov bildirib ki, AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının alimləri 23-dən çox müxtəlif ixtira reallaşdırıblar: "Dünyada ilk mancanaq qurğusu Azərbaycanda yaradılıb. İndi Universitetimizin alimləri yeni reduktor və icralı balansirsiz mancanaq dəzgahlarının bir neçə yeni orijinal konstruktiv həllini yaradıblar".

AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov deyib ki, neftçıxarma sənayesində istifadə olunan mexaniki intiqalı kimi müxtəlif ölçülü mancanaq dəzgahları bu günədək dəyişməyib və ştanqlı nasosların keyfiyyətli işləməsini tam təmin etmir. Yeni yaradılan mancanaq dəzgahının istifadəsi zamanı 25 faizədək enerjiyə qənaət olunacaq, ştanqların effektivliyi azalacaq, faydalı iş əmsalı 6 faizədək artacaq:

"Yaradılmış mancanaq dəzgahı daha yaxşı dinamiki xassələrə malikdir, çünki dirsək müntəzam fırlanır və balansirli mancanaq dəzgahlarından fərqli olaraq tarazlaşmamış kütlələr və dayağa üfüqi istiqamətdə təsir edən və işarəsini dəyişən qüvvələr yoxdur. Eyni zamanda quyunun vadisi ilə daha yaxşı mərkəzlənmə təmin edilir, titrəmələr və dinamiki yüklər xeyli azalır".

AzTU-nun nəzdində fəaliyyət göstərən Maşınşünaslıq Elmi-Tədqiqat İnstitutunun direktoru Ayaz Abdullayev qeyd edib ki, ixtira olunan reduktorlar mancanaq dəzgahlarında, tanklarda, liftlərin qapı intiqalında, helipopterlərin baş reduktorlarında tətbiq edilə bilər. Bu reduktorlar bütün sənaye sahələrinin maşın aqreqatlarında istifadə oluna bilər".

BAKU.WS