SİZİN REKLAM BURADA!
055 213 76 73


Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə qərar qəbul edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda sabiq generalın cinayət işi üzrə müsadirə olunmuş əmlaklarının bir qisminin geri qaytarılması ilə bağlı məhkəmə qərarından verilən kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, sabiq general M.Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-14-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunurlar.

İttihamda bildirilir ki, M.Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin, səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli bilinib.

Onların barəsində Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma) və digər maddələr ilə cinayət işi açılıb.

Cinayət işi üzrə 32 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum olunub. Bundan başqa, onun və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub. Məhkəmə həmin əmlakların dövlət nəfinə keçirilməsi barədə hökm çıxarıb.

BAKU.WS