SİZİN REKLAM BURADA!
055 213 76 73


Narkomaniya dünyanı cənginə alan böyük bəlalardan biridir. Bu bəlanın genişlənməsi, narkotik istifadəçilərinin sayının artması sözsüz ki, bəzi şəxslər və dövlətlərə milyardlarla dollar gəlir qazandırır. Lakin narkomaniyanın vüsət tapması zamanı eyni zamanda milyonlarla insan qurtulması çox çətin olan bir bataqlığa düşür.

Heç kimə sirr deyil ki, bu gün ölkəmizdə də narkotik istifadəçilərinin sayı heç də az deyil. Aparılan tədbirlər, qaçaqmalçıların saxlanması, minlərlə ton narkotiklərin məhv edilməsi, eyni zamanda narkokuryer və baronların saxlanılması bu prosesi ləngitsə də, narkomanlara hələ də rast gəlinir. 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib.

Narkotik istifadəçisi olan şəxslərin etiraflarını dinlədikdə bu yola düşənlərin hərəsinin öz tarixçəsi var. Lakin bütün bu etirafları dinlədikdə əksəriyyətin “bir dəfə ilə heç nə olmaz” fikrinin qurbanı olduqlarını eşidirik. Bəs necə edək ki, gənclərimiz narkotik istifadəçisi olmasın və ya bu yola üz tutmasın?

Kriminal aləmə meyillilik

Narkotikə aludə olan şəxslərin əksəriyyəti gənc yaşlarında bu bataqlığa düşürlər. Valideynlərin nəzarətsiz buraxması və gənclərin, xüsusilə oğlan uşaqlarının kriminal aləmə meyilli olması sonradan onları narkotik aludəçisinə çevirir. Təhsilsiz və elmsiz bir mühit formalaşdıran gənclər kriminal aləmlə maraqlanmağa başlayır ki, bunun da sonradan acı nəticələri üzə çıxır. Özlərini kriminal dünyasının şəxsləri kimi görməyə başlayan, beyinlərində xəyallar quran bəzi gənclər ilkin olaraq pis vərdişləri özləri üçün əlçatan edirlər.

Siqaret və qəlyan çəkməklə bu yola başlayan, sonradan dərman atmaq və daha təsirli tütün məhsullarından istifadə etməklə narkomaniya qapılarını özləri üçün taybatay açırlar. Kriminal dünyada aqresiya, silah və narkotik məhsulları görən bu gənclər sonradan özlərinə bu kimi işləri heç də pis bilmirlər. Beləcə narkotik vasitələrə qadağan edilmiş tütün məhsulları (nəşə) ilə başlayan bir qrup gənclər sonradan bədənlərinin tələbatına uyğun digər narkotik vasiətələrinə keçid edirlər.

Meyxana, klub, filmlər

Gənclərin narkotik vasitələrinə meyilləməsində roy oynayan vasitələrdən biri də bəzi meyxanalar və narkotik aludəçisi olan bəzi söz ustalarıdır. Meyxanaya qulaq asmaqdan zövq alan gənclər qulaq asdıqları bəzi meyxanalarda narkotik vasitələrlə bağlı misraları eşidərkən, bu, onlar üçün adi hala çevrilir. Beləliklə gənclərin qulaq asdığı və bəyəndiyi meyxanalarda narkotiklərdən bəhs edilməsi onlar üçün pilləkən rolunu oynayır. Bəzi meyxana ustalarının narkotik aludəçisi olması, beləcə onlara hörmət edən və qulaq asan gənclərə pis nümunəyə çevrilməsi isə ayrıca dərddir. Heç kimə sir deyil ki, bu günə kimi narkotik vasitələrin qurbanı olan və ya həbs edilən bir neçə meyxana ustasının adını çəkmək olar.

Digər hal kimi xarici filmlərdə narkotik vasitələrdən istifadə ilə bağlı səhnələrin yer almasıdır. Bu cür halların səhnələşdirilməsi filmləri izləyən gənclər üçün model və nümunə rolunu oynayır. Filmlərdə narkotik istifadə edən şəxsin bütün problemlərdən uzaq olması və xoşbəxt həyat sürməsi barədə səhnələr gənclərdə bu yolun təhlükəsini minimuma endirir.

Digər təhlükəli hal gənclərin birgə əyləndiyi və qrup halında yollandığı klublardır. Klublarda birgə əylənən bəzi gənclər daha böyük adrenalin yaşamaq üçün narkotik vasitələrdən istifadə edirlər. Əhatəsində narkotik istifadə edən bir şəxsin olması kifayət edir ki, digərlərinə də bundan istifadəni təşviq etsin. İçkili halda ona təklif edilənin fərqinə varmayan bəzi gənclər bir neçə istifadədən sonra narkotik aludəçisinə çevrilə bilirlər.

Təhsil, mənəviyyat və idman

Göründüyü kimi, gənclərin bir anın içində narkotik aludəçisinə çevrilmək riskləri necə də böyükdür. Bu məsələdə əsas rolu oynayan amillərdən biri də şagird və tələbələrin bikar qalmasıdır. Heç bir məşğuliyyəti olmayan, təhsildən uzaq qalan, mənəvi boşluğa düşən və idmanla məşğul olmayan gənclər məhz bu kimi bataqlığa istiqamətlənirlər.

Əslində gənclərin narkotik aludəçisi olmasının qarşısını alan əsas amillərdən biri məhz təhsildir. İstər məktəb, istərsə də universitetdə təhsil aldığı müddətdə həqiqətən özünü təhsilə, elmə həsr edən və özündə bacarıqlar formalaşdıran gənclərin bu kimi yollara düşmək riski olduqca azdır. Bu səbəbdən valideynlərin önəm verməli olduğu məqamlardan başlıcası övladlarının savadlı, düşüncəli və zəkalı böyüməsini təmin etmək və bu istiqamətdə onlara dəstək verməkdir.

Digər önəmli məsələlərdən biri də valideynlərin öz övladlarının mənəviyyatına önəm verməsidir. Mənəviyyat gənclərin pis vərdişlərdən uzaq durmasında bir çəpər rolunu oynaya bilər.

Bütün gənclərin savadlı olmaq kimi bir bacarığı olmadığını nəzərə alsaq, onların boşluğa düşməməsi üçün idman və müəyyən sahələr üzrə mütəxəssis olmasına önəm verilməlidir. Məktəbi bitirmiş gəncin həvəsi olduğu sahə üzrə peşəyə yiyələnməsinə və ya hər hansı idman növü ilə məşğul olmasına şərait yaradılmalıdır. Belə olan halda gənclər pis vərdişlərdən uzaq olar və həyatda özlərinə yer tapmaq üçün inamlı addım atmış olarlar.

Orxan Hüseyn
BAKU.WS