123 il öncə bu gün Şamaxı yerlə yeksan olub

123 il öncə bu gün Şamaxı yerlə yeksan olub
Foto
Sosial 228

Şamaxıda qeydə alınmış 6.9 bal gücündəki dəhşətli zəlzələ hadisəsindən 123 il ötür.

BAKU.WS xatırladır ki, Şamaxı şəhərini yerlə yeksan edən hadisə 1902-ci ilin 31 yanvarında, saat 12:50-də baş vermişdi.

Təbii fəlakət zamanı bu antik şəhər tamamilə dağılıb, maddi mədəniyyətimizin sonuncu ən unikal nümunələri də yerlə yeksan olmuş, torpağın dərin qatlarına gömülüb.

Təsadüfi deyil ki o zamanın bir sıra mətbuat nümunələri bu təbii fəlakəti "Qiyamət günü" ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc ediblər.

Məlumatlara görə 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub.

Şəhərdə zəlzələ sonrası böyük panika yaşanıb, əhali qorxu içərisində qaçışmağa başlayıb. Zəlzələ nəticəsində şəhərdəki 5.000 evdən 4.000-ni tamamilə dağılmış, həmçinin Şamaxı qəzasında yerləşən 126 kənddə 3.000-dən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı.

Zəlzələdən sonra hökumət rəsmiləri və Qırmızı Xaç Komitəsi əhaliyə yardım etmək üçün əraziyə gəlib.

Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan "Niva" adlı dərginin 97-ci sayında rəsmən öz təsdiqini tapıb. Hal-hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanmaqdadır.

Son xəbərlər