SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Hidrometeorologiya Xidmətinin xəbər verdiyi kimi Bakıda artıq hava şəraiti kəskin dəyişib.

BAKU.WS xəbər verir ki, paytaxta soyuq hava kütlələri daxil olur. Bu səbəbdən də, şəhərin yollarında, küçə və prospektlərində hərəkət iştirakçıları üçün əlverişsiz vəziyyət yaranıb.

Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS vasitəsilə vətəndaşlara daha bir müraciət edib.

Qurum rəsmisi bildirir ki, hərəkət iştirakçıları mütləq hava şəraitinə uyğun olaraq qaydalara əməl etməlidirlər.

“İlk növbədə qarlı, şaxtalı hava şəraiti olursa, yollarda sürüşmə ehtimalı artır deyə sürücülər şəxsi avtomobildən mümkün qədər az istifadə etməlidirlər. Belə hava şəraitində ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməlidir.

Belə havada avtomobili idarəetməyə uyğunlaşmış sürücülərə şərait yaradılmalıdır. Qarlı hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Təkərlərin mövsümə uyğun olmasına diqqət yetirmək lazımdır. Şüşəsilənlərin işləməsi, avtomobildə suyun antifriz olması vacibdir.

Piyadalara və sərnişinlərə də müraciət edirik ki, yolların hərəkət hissəsinə çıxmaq olmaz. Sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməlidirlər.

Sürücülər ara məsafəsi saxlamalıdırlar, sürət həddini aşağı salmalıdırlar. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanının görünməsi təmin edilməlidir. İşıq cihazları təmiz saxlanılmalıdır.

Sürücülər Bakı şəhəri ərazisini tanıyırlar. Bilirlər ki, enişli-yoxuşlu yollar, sərt döngələr hər zaman sürüşmə ehtimalı yaradır.

Bu ərazilərdən keçərkən diqqətli olmalıdırlar. Təhlükəsizliyin təmin edilməsi baxımından idarə edilən avtomobilin texniki baxımdan saz olmasına üstünlük verməlidirlər”, - deyə Vaqif Əsədov bildirib.

Qeyd edək ki, əvvəlcədən verilən proqnozlara görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal olunur.

BAKU.WS