SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da narkomaniya adlı bəla insanları narahat edir. Narkotik və psixotrop maddələrdən istifadə bir çox gəncin öz həyatını məhv etməsi ilə nəticələnib.

BAKU.WS xəbər verir ki, qadağan olunmuş maddələrdən istifadə ölkədə cinayətkarlığın artmasına da böyük təsir edib.

Narkomaniyanın sona çatması, narkomanların sayının sıfıra enməsi əksər insanların arzusuna çevrilib. Narkotik maddələrdən istifadəyə gənclərin aludə olması böyük təəssüf doğurur.

Psixoloq Günel Aslanova bununla bağlı BAKU.WS-ə açıqlama verib. Onun sözlərinə görə, asılılıq yaradan psixotrop maddələrlə bağlı psixoloji durumda vəziyyət belədir ki, insanlar hədəfə daha tez çatmaq, psixoloji olaraq daha çox pozitivlik və xoşbəxtliyə nail olmaq istəyirlər. Bu, hər kəsin psixikasında var. Amma insanın hədəflərinə çatması və ya yaxınlaşması üçün müəyyən iradə tələb olunur:

İnsanların narkomaniyaya üz tutmasının psixoloji səbəbləri

"Amma iradi keyfiyyətlər zəif olduğu, uşaqlıqdan fomalaşdırılmadığı hallarda hədəfə daha erkən və tez çatmaq istəyi olur. Burada daha sadə və asan yol psixotrop maddələrdən keçir ki, həmin o xoşbəxtlik hissini qısa yolla yaxınlaşdırsın. Bu səbəbdən uşaqlar böyüdülərkən və onlara tərbiyə verilərkən onların psixikasında diqqət edilməli məqamlardan biri iradi keyfiyyətlərin formalaşdırılmasıdır. Dözümlülük hissi olmalı, müəyyən bir hədəfə daha səbirlə, addım-addım çatmaq məsələsidir.

Bununla yanaşı dəyərlərin də rolu böyükdür və düzgün formalaşdırılması vacibdir. Həm iradi keyfiyyətlər, həm də dəyərlərin doğru şəkildə formalaşdırılması imkan verir ki, gənclər belə vəziyyətlərdən kənarda qalsınlar. Bunlar olmadığı halda gənclər həyati situasiyalarda çətinlik yaşayanda ilk olaraq sakitləşdirici vasitə və aşma kimi psixotrop maddələrə üz tuturlar”.

Psixoloq əlavə edib ki, bunun başqa səbəbləri də ola bilər: "Həyatda hər hansı qaranlıq hadisələr baş verərkən, çətinliklər yaranarkən, eyni zamanda hər hansı sıxıntıda, həyatda bir maraq tapılmadıqda, müəyyən bir çevrənin təsirinə düşdükdə psixotrop maddələrə üz tutula bilər. Həmçinin bəziləri üçün iş uğursuzluğu, ailə üzvünün itkisi, xəstəlik, maddi sıxıntılar ola bilər.

Bunlar hamısı sosial səbəblər olsa da, burada psixoloji mexanizm dəyərlər və iradədir. Deyək ki, bir neçə şəxs həyatında sıxıntı yaşaya, xoşagəlməz hallarla üzləşə və müəyyən çevrə ilə rastlaşa bilər, amma heç də hər kəs bundan təsirlənmir. Əgər qeyd etdiyimiz iki faktor olarsa, həyati hadisələr o qədər də neqativ təsir göstərmir. Gənclər belə situasiyalara düşdükdə özlərinin şəxsi keyfiyyətləri sayəsində bu problemləri aşa bilirlər.

Qeyd edilən uğursuzluqları aşmaq, öhdəsindən gəlmək şəxsi keyfiyyətlərə bağlıdır. Bəzən şəxsi keyfiyyətlər düzgün formalaşmayanda, təəssüf ki, çarə bu maddələrə üz tutmaqda görülür".

Psixotrop maddələrin istifadəsi leqallaşarsa...

Günel Aslanova hesab edir ki, psixotrop maddələrin qadağasının qismən təsiri var: "Qadağan edilən maddə insanları cəlb edir. Fikrimcə, bunu ancaq qadağa ilə əlaqələndirmək məsələyə daha kiçik ölçüdən baxmağa bənzəyir. Bu gün qanun qəbul olunsa və qadağa götürülsə, bu, o demək deyil ki, biz psixotrop maddələrin istifadəçilərinin sayında azalma müşahidə edəcəyik. Burada cəmiyyətin buna hazırlıq səviyyəsi önəmlidir.

Qapalılıq yeniyetməlik dövründə cəlbedici görünə bilər, amma gənclik dövründə bunu qadağa ilə əlaqələndirmək doğru olmazdı. Müəyyən Avropa ölkələrində psixotrop maddələrin açıq istifadə olunması bu anlama gəlmir ki, orada istifadəçilərin sayı azdır".

Narkomaniyanın sonu...

Ekspert sonda əlavə etdi ki, psixotrop maddələr insanlar üçün çıxış yolu görülür, sanki həyatda başqa yol yoxdur: "Əlbəttə ki, bu, doğru deyil və başqa yol var. İnsanlar bir qədər sakitliyə çəkilsə və vəziyyəti analiz etsə, başqa yolun olduğunu görəcəklər.

Ailələr məlum məsələdə bu yolda olan insanlara qarşı daha diqqətli və anlayışlı olmalı, mütəxəssis dəstəyinə müraciət etməlidir. Əgər belə bir ailə üzvü və ya dostlar olarsa, mütləq mərkəzlər, həkimlər və psixoloqlara üz tutulmalıdır.

Bu vəziyyətdən tək çıxmaq çox çətindir. Psixotrop maddələrdən istifadənin sonu heç də gözlənildiyi kimi xoş bitmir. Narkotik maddələri qəbul etməklə düşünülür ki, xoşbəxt anlara çatılacaq, müəyyən məqamlar unudulacaq, amma zaman keçdikcə bunun belə olmadığı üzə çıxır".

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555 nəfər olub. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31 dekabr tarixinə olan məlumatında isə qeyd olunur ki, Mərkəzdə 31432 nəfər qeydiyyatda olub. Onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.

Son 8 ildə olan statistika onu göstərir ki, ölkədə narkotik istifadəçilərinin sayı artmaqda davam edir. Qeyd olunan rəqəmlər rəsmi olduğu üçün qeydiyyata düşməyən narkotik istifadəçilərinin sayı dəfələrlə çoxdur. Buna səbəb isə həmin insanların müalicə olmaqdan və özlərini narkoman kimi görməkdən imtina etməsi və mərkəzlərə müraciətdən yayınmasıdır.

Orxan Hüseyn
BAKU.WS