Aşıq Qaranın Amerikada yaşayan nəvəsi (FOTO)

Aşıq Qaranın Amerikada yaşayan nəvəsi (FOTO)
Şou-biznes 1069
Şirvan camaatı yəqin ki, aşıq Qara haqqında çox eşidib. Seyfəddin Qəniyevin qələmə aldığı "Qobustanlı aşıq Qara" kitabında mərhum el sənətkarının həyat və yaradıcılığı barəsində xeyli məlumat var. Bu gün sizə aşıq Qaradan deyil, nəvəsi Təranə Qarayeva- Taylordan söhbət açmaq istəyirəm. Təranə xanım Bakıda dünyaya gəlib. 1980-ci ildə 13 nömrəli məktəbin 8-ci sinfini bitirərək, indiki Sumqayıt Musiqi Kollecinə qəbul olunub. 1984-cü ildə oranı fərqlənmə diplomu ilə başa vurub, piano müəllimi ixtisasına yiyələnib. 1984-1989-cu illərdə indiki Bakı Musiqi Akademiyasında təhsil alıb, bu təhsil ocağını da piano ifaçısı və piano müəllimi ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirib.1989-1995-ci illərdə müxtəlif musiqi məktəblərində pianodan dərs deyib. 1995-1999-cu ullərdə indiki Azərbaycan Dillər Universitetində koreya və ingilis dilləri üzrə tərcüməçi ixtisasından bakalavr, 1999-2001-ci illərdə isə ingilis dili üzrə tərcüməçi ixtisasından magistr dərəcəsinə yiyələnib. Hər iki dərəcənin fərqlənmə diplomuna layiq görülüb.
2000-2004-cü illərdə "Azeronline" internet şirkətində əvvəlcə redaktor, sonra isə şöbələrdən birinin meneceri olub. 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alaraq, biznesin idarə olunması üzrə magistr dərəcəsinə yiyələnib (MBA). Eyni zamanda "AtaHoldinq" şirkətində reklam şöbəsinə rəhbərlik edib. 2006-2008-ci illərdə Qatar dövlətinin Doha şəhərində ingilis məktəbində musiqi dərslərini tədris edib, həm də bankların birində icraçı katib vəzifəsində çalışıb.2008-ci ildən ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayır…
…Ömür-gün yoldaşı Con Taylor əslən ingiltərəlidir. İxtisasca mühəndisdir. Bir vaxtlar Bakıda, "BP"-də işləyib. 2005-ci ildən rəsmi nigahdadırlar. Con maraqlı və istedadlı insandır, Azərbaycanı sevir. Vətənimiz haqqında kifayət qədər məlumatlıdır. Hazırda "BHP" şirkətində rəhbər vəzifələrdən birində çalışır…Təranə xanım Hyustona gələndən bir il sonra dünyaşöhrətli Hyuston Baletində pianoçu kimi işə düzəlib, 2016-cı ilədək orada çalışıb. Sonra qərara gəlib ki, şəxsi biznesini yaradaraq müstəqil fəaliyyət göstərsin, elə bu niyyətlə də 2016-cı ildə "Tarana Taylor Studio"-sunu təsis edib və hazırda həmin studionun rəhbəridir.Amerikada balet musiqisi üzrə beş-altı ən güclü mütəxəsisdən biri kimi qəbul olunan bu soydaşımız dünya musiqisi ilə yanaşı Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin əsərlərini də tələbələrinə öyrədir. Bu ilin sonlarında tələbələri ilə birgə konsert verməyi də planlaşdırır. Martın 15-dən 20-sinədək keçiriləcək ABŞ musiqi müəllimlərinin konfransına hazırlaşır. Tezliklə "YouTube" internet platformasında "Balet dərslərində pianoçunun rolu" mövzusunda ustad dərsləri layihəsini həyata keçirmək istəyir.
Bu əzmkar, işgüzar xanımın əməyi Hyuston şəhər rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb…Aktiv həyatı çox xoşlayır. Sualtı üzgüçülük, dağa dırmanma idman növlərinə xüsusi marağı var. Hətta bu yaxınlarda, aprelin 14-də paraşutla təyyarədən tullanmağı da sınaqdan keçirəcək. Səyahət etməyi sevir, indiyədək bir sıra ölkələri gəzib. İspaniya, İtalya, İngiltərə, Meksika, Avstraliya, Koreya, Karib adaları onun səfər etdiyi ölkələrdəndir…Hyustonda öz musiqi məktəbini yaratmaq onun ən böyük arzusudur. İnanıram ki, o, bu arzusuna da çatacaq.
Bəli, vətənimizi canından əziz bilən bu mehriban, şən, istedadlı xanımın timsalında Azərbaycan qadınının nə qədər güclü və istedadlı olduğuna bir daha şahidlik etdim…Elman Eldaroğlu,ABŞ, Miçiqan

Son xəbərlər