SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS-in budəfəki müsahibi tanınmış aparıcı Cavid Güldür.

-Bir neçə gün əvvəl “Instagram”da “İşindən çox danışıb, ancaq dələduzluq edən təşkilatçılar, rejissorlar, prodüserlərin əlində qalmışıq” sözlərini yazaraq, şou əhlini onlara qarşı mübarizəyə səslədiniz. Şou əhli səsinizə səs verdimi?

-Son vaxtlar mediada bu haqda çox yazıldı, həm də öz başıma gəlmişdi. Moskvada konsert təşkilatçısı ilə problem yaşamışdım. Ona görə istədim ki, şou əhli səsimizə səs versin, amma 2-3 nəfərdən başqa bizə dəstək olan olmadı.

-Sizin kimi səviyyəli, savadlı aparıcılar hər gün efirdə olanlara baxanda niyə kölgədə qalırlar?

-Əgər bu gün belə tip verilişlər, bu cür aparıcılar varsa və onlara baxırlarsa, demək, təlabat var. Problem özümüzdədir ki, onlarla mübarizə aparmaq istəmirik və ümumiyyətlə, baş qoşmaq istəmirik. Bəzi müğənnilərə sual veriləndə ki, niyə az-az efirə çıxırsınız, deyirlər ki, hansı efirə, kimin efirinə çıxım və niyə çıxım.


-Bir aparıcı kimi teleməkanında nələri fərqli görmək istəyərdiniz?


-Ümumiyyətlə, indiki dövrdəki televiziyanı tam başqa cür görmək istəyirəm. İstərdim ki, daha savadlı kadrlarımız, redaktorlarımız və aparıcılarımız olsun. Efir məkanında belə problemlər var.

-İmtina etdiyiniz hansısa proyekt olub?

-Əksər layihələrdən imtina etmişəm. İstər gündəlik, istərsə də həftəlik veriliş olsun. Səhər efirlərindən imtina etmişəm, hətta ATV-nin. Səhər verilişi mənlik deyil. Peşman olmamışam. Qonaq kimi isə dəvət olunanda çalışıram getməyim, çünki bir çox verilişlərin sonu görürsünüz ki, nə ilə nəticələnir…


-Bir ara deyirdilər ki, siz aparıcı Şəhriyar Əbilovla bir-birinizdən ayrı toy aparmırsınız…

-Şəhriyar hazırda karyerasını Türkiyədə davam etdirir. Xeyr, o dövrdə sadəcə bir yerdə veriliş aparırdıq deyə, toy sahibləri bizi bir yerdə görmək istəyirdilərsə, bərabər gedirdik. Elə həmin dövrdə ayrı-ayrılıqda apardığımız toylar da olub. Bu gün də Şəhriyarla münasibətimiz davam edir, hər şey yaxşıdır. Vaxt tapanda buradakı toylara gəlir, vaxtı olmayanda isə həmin toyları mənə ötürür.

-Həm də konsertlərdə aparıcılıq edirsiniz. Toy və ya konsert vaxtı başınıza gələn maraqlı və yaxud gülməli əhvalatı bizimlə bölüşə bilərsinizmi?


-O qədər maraqlı hadisələr olur ki… Mənim üçün maraqlı olan, kimin üçünsə maraqlı olmaya da bilər. Məsələn, bir dəfə bəy və gəlin toya saat 7-də gəlmişdi, amma məclis saat 9-da başlamışdı, çünki üzüklər yaddan çıxmışdı, qohumlar getmişdi axtarmağa.


-Sizə əsl azərbaycansayağı sual vermək istəyirəm. Nə vaxt tərpənirsiniz?

-Məndən aslı olan bir şey deyil. İstədiyim vaxt tərpənə bilərəm. Elə tərpənmək lazımdır ki, sonra səni tərpətməsinlər. Qismət nə vaxt çıxacaqsa, onda.

-Müğənni Samirə Əfəndi ilə paylaşdığınız şəkil mediada çox müzakirə olundu. Hər kəs sizin sevgili olduğunuzu yazdı. Amma bu haqda heç bir açıqlamanızı görmədim…


-Ümumiyyətlə, şəxsi həyatımla bağlı açıqlama verməyi xoşlamıram. Samirə Əfəndi bizim dostumuzdur. O, çox gözəl müğənnimizdir, gənc və istedadlı xanımdır. Ona həm şəxsi həyatında, həm də karyerasında uğurlar arzu edirəm. Mən bir çox həmkarlarımla şəkil də çəkdirə bilərəm, sosial şəbəkədə bir-birimiz üçün ürək işarəsi də qoya bilərik. Burada açıqlanacağı bir şey görməmişdim və ona görə də heç nə danışmamışdım.


-Şübhəsiz ki, xanım pərəstişkarlarınız da çoxdur. Onlardan aldığınız ən təsirli, sentimental, səmimi etiraf hansı olub?

-Əslində, kiminsə mənə nəsə etiraf etməyini heç xoşlamıram. Qorxuram ki, qəlbi qırılacaq. O qədər sentimental ismarıclar olub ki… İzləyicilərim yazırdı ki, hansı verilişdə nə danışmışam, hansı paltarı geyinmişəm, şəklimi ekrandan çəkən kim, verilişi videokasetə yazan kim. Efirə geyindiyim paltarları belə sonradan həmin mağazadan alanlar da olub. Radioda işlədiyim dönəmdə də müxtəlif hədiyyələr göndərənlər olub. Gündə bir hədiyyə gəlirdi.

-Hansı pis vərdişiniz var, hansı ki ondan canınızı qurtara bilmirsiniz?

-Tənbəlliyim var və ondan canımı doğrudan da qurtara bilmirəm.

-Bir çox mahnıların söz yazarısınız. Bu, ruhunuzun tələbidir, yoxsa…

-Əslində, uşaqlıqdan özüm üçün yazılar yazmışam. Bu barədə heç kəsə deməmişəm. Mahnı sözləri isə çoxsu içdən gələn sözlərdir. Bəzi şeirlərimi kimlərəsə həsr etmişəm, amma hamısını yox.


-“Məşhur gəlin” filmində, “Kişi sözü” serialında rol almısınız. Bir çox məşhurlara intim səhnələrlə bağlı suallar ünvanlayırlar. Siz belə bir səhnələrə çəkilərsiniz?

-Komediya janrı mənlik deyil. Daha çox qorxu, mistik, detektiv janrları bəyənirəm və o tip filmlərdə rol almaq istərdim. Yataq səhnələrinə çəkilmərəm. Vaxtı ikən kliplərdə də belə səhnələrə çəkilmək üçün təkliflər almışam, amma imtina etmişəm. Çəkilmərəm, çünki belə bir təbliğatın göz önündə olmağına qarşıyam.

Nəyisə özümə rəva bilmirəmsə, onu heç vaxt etmərəm. Məsələn, mənim verilişlərimdə heç vaxt kolbasa reklamı olmayıb, çünki kolbasa yemirəm. Hətta şirkətlər reklam təklif edəndə, deyirəm ki, bunu yemirəmsə, reklam da edə bilmərəm. İntim səhnələr də həmçinin. O demək deyil ki, mən onunla məşğul olmuram, sadəcə olaraq, istəmərəm ki, belə bir şeylər böyük ekranlarda, efirlərdə görsənsin.

-Təbii haldır ki, məşhurlar haqqında daim müxtəlif şayiələr gəzir. İndiyədək haqqınızda yayılan ən ağlasığmaz şayiə hansı olub?

-ATV-dən “Xəzər TV”yə transfer etdiyim ərəfə idi. “Xəzər”də bir çoxları ilə yenicə tanışlığa başlamışmdım. Özüm haqqımda yeni-yeni şeylər eşidirdim. Ən ağlasığmaz söz o idi ki, sən demə, mən alfonsam və özümdən yaşca böyük xanımla görüşürəm, avtomobilimi də o xanım alıb (gülür-red.)


-Bir müddət əvvəl siz də digər həmkarlarınız kimi biznes qurdunuz, şərik fitnes mərkəzi açdınız. Onu da bilirəm ki, bu vaxta qədər bir neçə dəfə biznes qurmağa çalışmısınız, amma alınmayıb….

-Hal-hazırda mən peşəkar idmançı Ramid Babayevlə bərabər fitnes mərkəz açmışam. Bu işimlə paralel tikinti şirkətinə də rəhbərlik edirəm. Bu yaxınlarda İnşallah onun da təqdimatı olacaq. Digər bizneslərim isə məkan probleminə görə alınmayıb.

-Artıq yeni mövsüm başladı. Bu dəfə sizi hanısı kanalda, verilişdə görə biləcəyik?

-Bu mövsüm ATV kanalında yeni layihəm start götürəcək. Oktyabr ayından gündəlik yayımlanacaq verilişdə gənclərin problemlərindən, işlərindən danışacağıq, onlara dəstək olacağıq. “Bir axşam” və “Azərbaycanın səsi” verilişlərini aparıb-aparmayacağım isə hələ müzakirə olunur.

Hüseyn Məmmədsalahov
BAKU.WS