SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı-aktrisa Umnisə Hacıyevanın "Qafqazinfo”ya müsahibə verib.

BAKU.WS müsahibəni  oxucuların nəzərinə çatdırır:
 
- 2013-cü ildə sosial şəbəkələrdə və yerli mediada böyük rezonans doğurduz. Hər kəs sizi müzakirə etməyə başladı. Siz isə efirlərdən tamamilə uzaqlaşdız, sosial şəbəkədə hesablarınızı bağladız. Belə bir addım atmağınıza səbəb nə oldu?
 
- Hər kəs bu mövzu ilə bağlı bir sual verir və müxtəlif səbəblər sadalayır. Bizim insanlar mənə qarşı çox aqressiv oldular. İndi instaqramı açırsan, baxırsan ki, profilləri açıqdır və istədikləri şəkli paylaşırlar. Onlar nə rəqqasə, nə də müğənnidirlər. Onu deyim ki, mənim paylaşdığım fotolarda heç nə yox idi. Ancaq üç il bundan əvvəl böyük ajiotaj yaratdı.
 
- Belə düşünürəm ki, siz müzakirə olunmaqdan və artıq yazılan şərhlərdən bezdiz. Bu səbəbdən kənara çəkildiz. Sizcə, doğru düşünürəm?
 
- Düzdür, müzakirə olunmaqdan da bezdim. Yenə deyirəm, insanlar mənə qarşı çox aqressiv oldular. Lakin dəstək olanlara da rast gəldim. İnstaqram və feysbuku bağladım, beynim çox yorulmuşdu. Belə şərhlər mənə problemlər yaradırdı, əsəbiləşirdim, qıcıqlanırdım. Ancaq bugünkü ağlım olsaydı fikir verməzdim. Üç il bundan qabaq yaşım az idi, insan özünü cilovlaya bilmir, əsəbiləşir və tez özündən çıxır. İndi isə 25 yaşım var və formalaşmış fikirlərim mövcuddur. İnsanlara elə-belə baxmıram, onları analiz edirəm. İndi verilən sualları düşünüb cavablandırıram.
 
- 3 il sonra geri qayıtdız. Bəs qayıtma səbəbiniz nədir?

- Gördüm ki, getməyimə bir çox insanlar sevindi. Onlar mənimlə bir çörək yeyən şəxslərdir, adlarını çəkmək istəmirəm. Yıxılana təpik vuran tiplərdəndir. Qayıtmağımın əsas səbəbi o şəxslər deyil. İçimdə incəsənətə sevgi var, onsuz yaşaya bilmirəm. Universitetə diplom almaq üçün girməmişəm, bu sahəni çox sevirəm. İkinci səbəb deyə bilərəm ki, həmin sevinən şəxslərdir. Onlar "Umka getdi”, "Umka artıq yoxdur” deyirdilər, sevinirdilər. Amma mən qayıdıram. Qayıdışım isə elə-belə olmayacaq.
 
- "Umka” niyə "Umma” oldu? Adınızdan narazısız?
 
- Əslində Umka Umma olmayıb və yaxud əksinə... Əsl adım Umnisədir. Adımı çox bəyənirəm, narazı deyiləm. Sadəcə çox insan adımı soruşur, mən də Umnisə olduğunu deyirəm. Onlar isə uzundur, bir az qısaldaraq deyirlər. Kimisi Umka, kimisi isə Umma deyə müraciət edir. Adım ərəb mənşəlidir. "Um” qadın, "nisə” isə xanım deməkdir. ANS vaxtında belə Umma deyirdilər. Mən mən olaraq qalmışam.
 
- Sizin əvvələr ANS-dən qovulduğunuzu demişdilər, siz isə təkzib etmişdiz. İllər həqiqəti üzə çıxarır. Zaman keçib, əslində hadisə necə baş vermişdi?
 
- Gördüyünüz kimi, illər həqiqəti üzə çıxardı.
 
-Kanal bağlandı deyə belə cavab verdiz?
 
- (Gülür) Sualınıza cavab verim. Hər kəs bir versiya irəli sürür. Hadisənin doğrusunu sizə danışacam. Hətta, o vaxtlar bir çox saytlara düzgün açıqlama vermişdim, ancaq onlar fikirlərimi təhrif etmişdilər. Yay fəsli idi, kanal rəhbərliyindən istirahət istədim. Bizdə reytinqə görə maaş alırsan. Reytinq az olanda maaşı çox az miqdarda verirlər. Mən il ərzində çalışdım, ancaq yorulmuşdum, istirahət hüququmdan istifadə etmək istədim. Onlar mənimlə razılaşmadılar, istirahət vermədilər. Onu da deyim ki, bir neçə dəfə işdən çıxmağımla bağlı ərizə yazmışdım, ancaq cırılıb kənara atılmışdı. İkinci dəfə onlara müraciət etdim ki, istirahət istəyirəm. Bütün verilişlər tətilə çıxmışdı, bir mənim verilişimdən başqa!

Mən də insanam, ilin 12 ayı işləmək məcburiyyətində deyiləm. Bunu düşünərək xaricə getmək üçün bilet aldım, üçüncü dəfə onlara dedim ki, mən gedirəm, biletimi almışam. İşdən çıxmağımla bağlı ərizəmi yazdım. Üstündən üç gün keçdi, çəkiliş olmalı idi. Həmin günü ölkədən getdim. İyul ayının 1-də istirahətə yollandım, mənə yazdılar ki, işə gələrsən. Daha sonra istirahətdən qayıtdım, ANS-ə gəldim, dedim ki, yox, işləmək istəmirəm. Çünki, orada bir çox şeylər məni sıxırdı. Məncə, aparıcı bir qədər azad olmalıdır. Mənim işim verilişi aparmaqdır, gəlirsən, yazını yazırsan, efirə çıxırsan, daha sonra isə azadsan. İşdə olmaq, 24 saat kanalda qalmaq məcburiyyətində deyilsən. Mən belə düşünürəm, şəxsi fikrimdir. İyulun 8-i ad günüm idi, restoranların birində qeyd edirdim.
Gördüm ki, feysbukdan mənə linklər atırlar.
 
Elə bilirəm ki, "spam”dır, açmıram. Bir neçə dəfə başıma gəlmişdi, "spam”lara girmişəm, profilimi sındırblar. 12-də evə gəldim, Aqil M. Quliyev mənə mesaj yazdı. Bildirdi ki, hər şey yaxşı olacaq, narahat olma. Mənim də vəziyyətdən xəbərim yoxdur. Linkə daxil oldum, "ANS-in aparıcısı soyundu” başlığı ilə xəbər oxudum və şok keçirdim. Mənə maraqlıdır ki, məlumat 1-2 gün, uzağı bir həftə müzakirə oluna bilər. Ancaq məndən bir ay danışdılar, müzakirə etdilər. Həmin fotolarımı şəxsi instaqram səhifəmdə paylaşmışdım, lövhəm isə gizli idi. Orada məni tanış və əziz insanlar izləyirdi. Sağ olsunlar, onlardan bəziləri fotoları saytlara yaymışdı. Mən işdən özüm çıxıram, səhəri günü isə məni qovulmuş kimi təqdim edirlər.
 
- Hadisədən sonra ANS TV rəhbəri ilə görüşmüsüz, üz-üzə gəlmisiz? Onlardan soruşduz ki, sizin haqqında niyə "milli-mənəvi dəyərlərə qarşı çıxıb” ittihamı irəli sürüldü.
 
- Mənə qarşı ciddi ittiham irəli sürdülər. Guya, milli mentalitetə uyğun addım atmamışam. Hamımız nələrin harada, necə baş verdiyini bilirik. Yox, rəhbərliklə görüşmədim, üz-üzə gəlmədim. Mən heç kəsə pislik arzulamıram. Həyatda nə istəyirəmsə, ona da nail oluram. Bu səbəbdən kiməsə pislik diləmək istəmirəm, insanları Allaha tapşırıram. Qoy, Allah sizə nə verirsə, o da olsun.
 
- Umka üçün milli-mənəvi dəyərlər nədir?
 
-Mənim üçün açıq geyinmək, qaş almaq milli-mənəvi dəyərləri pozmaq deyil. Sən azərbaycanlısan, başqa ölkəyə gedərkən öz mədəniyyətini, incəsənətini, mentalitetini göstərirsən, təbliğ edirsən. Bunu qaş almamaqla, qısa geyinməməklə göstərmək lazım deyil. İnsan azaddır, indi heç kəsin geyiminə pis baxmırlar. 5-10 il əvvəl cırıq şalvar geyinənlər birmənalı qarşılanmırdı. Mən belə şeylərə normal baxıram, ümumiyyətlə, insanların seçiminə qarışmıram.
 
- Getməyiniz barədə müxtəlif fikirlər səsləndirənlər oldu. İddia edilirdi ki, bu, şəxsi həyatınızla bağlıdır.

- Düzdü, elə bir söhbət var idi. Ancaq əsas səbəbi sizə açıqladım. Amma həyatımda biri var idi. Bunu başa düşdüm ki, kiməsə görə nələrisə qurban vermək düzgün deyil. Mən necə varamsa, elə də qəbul etsinlər. Dəliliyimlə, şıltaqlığımla...
 
- Sizə efir məkanında tamamilə sərbəstlik verilsəydi necə bir proqram aparmaq istərdiz?
 
- Layihəm var, hələ bu haqda danışmaq istəmirəm. Verilişlərə baxıram, görürəm ki, o, bu gəlib dərdini danışır, ağlayır, efirlərdə ağlaşma var. Doğru ağlaşma olsa, bu qədər gözə batmaz. Pul verirlər, verilişlərə saxta insanları çağırırlar. Yəni, bunlar yığışdırılsa əla olar. Onlar heç kəsə lazım deyil. TV tək informasiya üçün lazım deyil, insanları maarifləndirmək lazımdır. Rusiya kanallarında azadlıq var. Demirəm ki, efirə çılpaq çıxsınlar. Bizə azadlıq vermirlər, sıxılıb qalırıq. Nəsə edəndə pis çıxır, alınmır və qeyri-səmimi olur. Onlarda isə fərqlidir, istədikləri kimi otururlar. Bizdə isə qulaqcığa deyirlər ki, ayağını aşırtma, düz qoy! Düzdü, efirdə etik qaydalar var, amma sən şalvar geyinmisənsə, rahat otura bilərsən.
 
-ANS-də işləyən zaman belə addımlara görə cərimələnirdiz?
 
- O qədər... Yarı maaşım cərimələrə gedirdi. Bütöv maaşı heç vaxt əlimə almamışam. Bu cərimələr təkcə oturuş qaydalarına görə deyildi. O zaman geyimlərə xüsusi diqqət edirdilər. Bir balaca köynəyin qolu qısa olanda cərimə yazırdılar.
 
-Kənardan kompleksiz və fərqli xanım təəssüratı yaradırsız. Sizi digər Azərbaycan xanımlarından fərqləndirən hansı özəlliklər var?

- Kompleksiz bir xanımam. İstədiyim vaxt hoppana, qaça bilərəm. Əlbəttə, bunlar kompleksizliyin bir qoludur. Ürəyim istəyən hər şeyi edirəm. Bəzi şeylər var ki, özümü müəyyən qədər çərçivəyə salıram. Bu çərçivəni bizim insanlar yaradıb. Onlar çox aqressiv olublar, bir-birilərinə isti münasibət göstərməyi xoşlamırlar, sevməyi bacarmırlar. Mən qız olaraq başqa qızı görəndə təriflər yağdırıram. Amma elə qızlar var ki, qarşısındakı gözəl olsa belə bunu demir. Paxıllıq var, bir-birlərini yıxmaq barədə düşünürlər. İnsan özünə güvənmir, sevmir, özündən yaxşısını görəndə narahat olur. İndi azərbaycanlı xanımlar bir-birilərinə çox bənzəyirlər. Eyni burun, eyni qaş və dodaqları var. Bir-birilərinin bəhsinə hər yola əl atırlar. Məsələn, bir şalvar geyinirsən, bəyənirlər. Pul olmasa belə, tapıb alacaq! Məni Azərbaycan xanımlarından fərqləndirən cəhət yoxdur, hamısı özəldir. Ancaq standrat deyiləm, prinsiplərim var. Ümumi götürəndə mən kiminsə bəhsinə heç nə etmirəm, özüməm. Bizim qızlar özünə baxmağı makiyaj etməkdə, salonlarda vaxt keçirməkdə görür. Məndə isə fərqlidir. İdmana gedirəm, rəqslə məşğul oluram. Onlar "baxımlı qadın” anlayışını makiyajda, mən isə qidama diqqət etməkdə, idmanla məşğul olmaqda görürəm. Bizim qızlar çox passivdir, mən isə aktivəm. Onlar bir yerdə oturanda qalxmaq istəmirlər, tənbəldirlər.
 
BAKU.WS