Tofiq Musayev: Azərbaycan islamofobiya ilə mübarizədə beynəlxalq səylərə töhfə verməkdə davam edir
Azərbaycan islamofobiya ilə mübarizədə beynəlxalq səylərə töhfə verməkdə davam edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasında İslamofobiya ilə Mübarizə Gününə həsr olunmuş yüksək səviyyəli iclasda deyib.
BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) təşkilatçılığı ilə baş tutan iclas təşkilatın Baş Assambleyanın qərarı ilə 15 mart tarixinin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunması münasibətilə təşkil edilib.
Tədbir BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və İslamofobia ilə mübarizə üzrə xüsusi elçisi Migel Angel Moratinosun moderatorluğu ilə baş tutub.
Panel müzakirəsində çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev vurğulayıb ki, din və etiqad azadlığının təmin olunması inklüziv, dayanıqlı və firavan cəmiyyətlərin qurulması üçün əsas şərtlərdən biridir. Onun sözlərinə görə, bu hüququn effektiv həyata keçirilməsi xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşma, tolerantlıq və hörmətin formalaşmasının əsasını təşkil edir.
Diplomat qeyd edib ki, BMT baş katibinin son hesabatlarında dünyada islamofobiyanın artması narahatedici tendensiya kimi göstərilir və bu hal xüsusilə media vasitəsilə də müşahidə olunur. Bu vəziyyət isə beynəlxalq ictimaiyyətin sosial həmrəyliyin gücləndirilməsi və dini azadlıqların qorunması istiqamətində siyasət və qanunvericilik tədbirlərini daha da gücləndirməsini zəruri edir.
Səfirin sözlərinə görə, islamofobiya münaqişələr zamanı nifrət, ayrı-seçkilik və dezinformasiya siyasətlərini qidalandıran əsas amillərdən biridir. T.Musayev diqqətə çatdırıb ki, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində islam dini ilə bağlı abidələr də daxil olmaqla minlərlə ümumbəşəri dəyərə malik mədəni irs nümunəsi qəsdən vandalizmə, təhqirə və dağıntıya məruz qalıb.
O, həmçinin BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edən qətnaməsinin və islamofobiya ilə mübarizə üzrə BMT xüsusi elçisinin təyin edilməsini nəzərdə tutan qərarın üzv dövlətlərin bu sahədə kollektiv fəaliyyətə verdiyi önəmi göstərdiyini qeyd edib.
Səfir sonda bildirib ki, 15 mart tarixinin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunmasından sonra Azərbaycanda müxtəlif tərəfdaşların iştirakı ilə üç beynəlxalq konfrans keçirilib. Bu ilin sonlarında isə Bakıda "İslamofobiya: insan hüquqları gündəliyində qlobal çağırış" mövzusunda dördüncü beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Ombudsman Vardanyanın böhtanlarına cavab verdi
Ermənistan mediası Ruben Vardanyanın Azərbaycan Respublikası Ombudsmanı Səbinə Əliyevaya açıq müraciət etməyə çalışdığını, lakin telefon danışığının kəsildiyi b...