Rəsmi Bakıdan Tehranda səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı AÇIQLAMA

"27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, Səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 28 yanvar 2024-cü il tarixində çıxarılmış ölüm hökmü 21 may 2025-ci il tarixində səhər saat 5-də icra olunub".
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib:
"Edamın icra olunması prosesini Səfirliyimizin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.
Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi.
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir.
Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik".
Oxşar xəbərlər
Viktor Orban Azərbaycan və digər ölkələrin liderlərinə təşəkkür edib
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan dövlət başçılarına təşəkkür ünvanlayıb. BAKU.WS "Report"a istinadə...
