Rəqəmsal İnkişaf Şurasına Mehriban Əliyevanın rəhbərlik etməsi tamamilə məntiqli və uzaqgörən qərardır - RƏY

Rəqəmsal İnkişaf Şurasına Mehriban Əliyevanın rəhbərlik etməsi tamamilə məntiqli və uzaqgörən qərardır - RƏY
Foto
Siyasət 44

Rəqəmsal transformasiya dövlət idarəçiliyinin, iqtisadiyyatın, təhsilin, səhiyyənin, sosial xidmətlərin və bütövlükdə cəmiyyətin bütün sahələrini əhatə edən kompleks islahatdır. Belə genişmiqyaslı proseslərin vahid mərkəzdən koordinasiya olunması, müxtəlif qurumların fəaliyyətinin uzlaşdırılması və strateji qərarların operativ icrası baxımından Rəqəmsal İnkişaf Şurasına ən yüksək siyasi səviyyədə - birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi tamamilə məntiqli və uzaqgörən qərardır.

BAKU.WS xəbər verir ki, bu sözləri report-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.

Onun sözlərinə görə, bu, Prezident İlham Əliyevin rəqəmsal inkişafı Azərbaycanın gələcək inkişaf modelinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini bir daha təsdiqləyir:

"Artıq qısa müddət ərzində görülən işlər bu yanaşmanın real nəticələr verdiyini nümayiş etdirir. "Mygov" platformasının sürətlə genişləndirilməsi, müxtəlif dövlət qurumlarının elektron xidmətlərinin vahid ekosistemə inteqrasiyası, vətəndaş–məmur təmasının minimuma endirilməsi, proaktiv dövlət xidmətlərinin tətbiqi, "Yalnız bir dəfə" prinsipinin həyata keçirilməsi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Təsadüfi deyil ki, cəmi üç ay ərzində "mygov" istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi vətəndaşların bu yeniliklərə olan etimadını və ehtiyacını aydın şəkildə göstərir".

E.Akimova bildirib ki, sənədin ən mühüm üstünlüklərindən biri rəqəmsallaşmaya yalnız texniki yenilik kimi deyil, idarəetmə fəlsəfəsi kimi yanaşmasıdır:

Rəqəmsal İnkişaf Şurasına Mehriban Əliyevanın rəhbərlik etməsi tamamilə məntiqli və uzaqgörən qərardır - RƏY
"Dövlət məlumat hövzəsinin yaradılması, məlumatların vahid standartlarla idarə olunması, analitika və süni intellekt texnologiyalarının tətbiqi nəticəsində vətəndaşın ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi və ona fərdiləşdirilmiş xidmətlərin göstərilməsi artıq dünyanın qabaqcıl dövlətlərində tətbiq olunan idarəetmə modelidir. Azərbaycanın da bu istiqamətdə qətiyyətli addımlar atması ölkəmizin beynəlxalq rəqəmsal transformasiya proseslərinə uğurla inteqrasiya olunduğunu göstərir".

Deputat vurğulayıb ki, diqqətçəkən digər mühüm istiqamət innovasiya iqtisadiyyatının formalaşdırılmasıdır:

"Hazırlanmış qanunvericilik paketi mahiyyət etibarilə Azərbaycanın texnoloji inkişaf tarixində ən genişmiqyaslı hüquqi islahatlardan biridir. 30-dan artıq qanuna, Prezident fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına dəyişikliklərin nəzərdə tutulması dövlətin bu sahəyə strateji yanaşmasının göstəricisidir. Vençur maliyyələşdirilməsi, "mələk investor" institutu, kraudfandinq mexanizmləri, ESOP modeli, SAFE və Convertible Note kimi beynəlxalq investisiya alətlərinin hüquqi dövriyyəyə daxil edilməsi Azərbaycanın innovasiya ekosistemini qlobal standartlara uyğunlaşdıracaq. Texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri, yüksəkixtisaslı mütəxəssislər üçün stimullar və "Rəqəmsal səyyah" vizasının tətbiqi ölkəmizin regional texnologiya və innovasiya mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

E.Akimova söyləyib ki, görülən işlər "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ayrı-ayrı layihələrin məcmusu deyil, dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən innovasiyaya, süni intellektdən kibertəhlükəsizliyə qədər bütün sahələri əhatə edən vahid milli inkişaf strategiyası olduğunu göstərir:

"Bu strategiyanın yüksək siyasi səviyyədə əlaqələndirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Şuranın fəaliyyətə başlaması islahatların sistemli, çevik və nəticəyönümlü şəkildə həyata keçirilməsini təmin edəcək mühüm institusional qərardır. Əminliklə demək olar ki, bu gün atılan addımlar yalnız cari dövrün ehtiyaclarına cavab vermir. Onlar Azərbaycanın gələcək onilliklərdə rəqabətqabiliyyətli iqtisadiyyata, müasir dövlət idarəçiliyinə və güclü rəqəmsal cəmiyyətə malik ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək strateji inkişaf kursunun əsasını təşkil edir".

Son xəbərlər