Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər
Malayziyanın mənzil inşaatı və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda "UN-Habitat"ın icraçı direktoru Anaklaudia Rossbax ilə ikitərəfli görüş keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə report Malayziyanın Mənzil İnşaatı və Yerli Özünüidarəetmə Nazirliyinin "Facebook" səhifəsinə istinadən məlumat yayıb.
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) platformasında baş tutan görüş zamanı əsas diqqət təşkilatın 2026-2029-cu illər üzrə strateji planının həyata keçirilməsində qlobal əməkdaşlığın gücləndirilməsinə yönəldilib.
Qeyd olunub ki, tərəflər üç əsas istiqamət üzrə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər. Əsas müzakirə mövzuları şəhər mühitinin rahatlığı, rəqəmsal urbanizasiya və bələdiyyə şuralarının işində könüllü icmalların tətbiqi olub.
"Malayziya şəhərləri daha dayanıqlı, inklüziv və gələcəyə hazır etmək üçün "UN-Habitat" və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığa tam sadiq qalır. Bura qlobal qeyri-müəyyənliyə, ekstremal iqlim hadisələrinə və yaşayış dəyəri ilə bağlı böhrana tab gətirə bilmələri üçün şəhərlərin və icmaların gücləndirilməsi daxildir", - Nqa Kor Minq vurğulayıb.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Oxşar xəbərlər
Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, o...