İkiüzlü İran səfirliyindən şərəfsizlik

İkiüzlü İran səfirliyindən şərəfsizlik
Siyasət 244

Martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran tərəfindən edilən dron hücumu beynəlxalq arenada səs-səda verərkən cənub qonşumuz əmmaməsinin gözünün üstünə çəkib, özünü görməzliyə və eşitməzliyə vurdu.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, İrandan buraxılan dörd dronun biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarıldı. İkisi Naxçıvan Beynəlxalq Hava Limanının, biri isə orta məktəbin ərazisinə düşdü. Xoşbəxtlikdən, ölüm olmasa da dörd nəfər müxtəlif dərəcəli xəsarət aldı.

Azərbaycanın müvafiq dövlət qurumları açıqlama verib bəyanat yaydıqca molla rejimi əmmaməsinin gözünün, qulaqlarının üstünə daha bərk basdı.

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verdi - qarşı tərəfdə səssizlik.

Azərbaycanın Müdafiə Nazirliyi bəyanat verdi - sükut.

Azərbaycanın Elm və Təhsil, Səhiyyə Nazirlikləri vəziyyətlə bağlı açıqlama verdilər, Baş Prokurorluq hadisə ilə bağlı cinayət işi açdı - yenə də səssizlik.

Azərbaycanın dost ölkələri bir-bir xarici işlər naziri Ceyhun Bayramova zəng vuraraq, bəyanat verərək Naxçıvana İranın dron hücumunu qınadılar - Tehran tərəfdən hənirti gəlmədi.

Azərbaycanın "Anews" kanalı İran xarici işlər nazirinin müavini Kazım Qəribabadini "silkələməyə" çalışdı. Çifayda. O da siftə heç nədən xəbəri olmadığını dedi. Sonra da nə ağıl etdisə, "biz ən başdan elan etmişdik ki, hansısa baza İrana hücum edəcəksə, biz onları hədəfə alacağıq" kimi mövzuya aidiyyəti olmayan bir cavab mızıldadı.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmirçilu Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası təqdim olundu.

Situasiyanın qazan kimi qaynadığı belə bir vaxtda bəs İran səfirliyi nə etdi? - Mərhum ali lideri Əli Xameneinin şərəfinə xatirə kitabının açıldığı vaxtı elan etdi.

Beləcə, molla rejiminin özü kimi ikiüzlü diplomatik missiyası yalnız Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirəndən sonra "bəyanat" vermək qərarına gəldi.

Prezidentin iclasda çıxışından bir hissəyə toxunmaq burada çox yerinə düşər:

"Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar".

* Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi - VİDEO

Yaxşılığa yamanlıq hər kişinin işidir prinsipini rəhbər tutan molla rejiminin Bakıdakı səfirliyi bu məqamda anladı ki, elə bil bir az ağ ediblər. Bir az da sussalar, işləri daha da fırıq olacaq.

Diplomatik qurumun "Telegram" kanalında yayılan bəyanatında əvvəlcə baş verənlər "iddia" adlandırıldı, sonra İranın heç bir imtahandan keçməyən "dostluq" prinsipi yada düşdü.

Qəfildən də xatırladılar ki, İran ərazisində hərbi əməliyyatlar gedir axı, bəs ABŞ və İsrailin hərbi bazalarına qarşı "müəyyən tədbirlər həyata keçiriblər". Bu məqamda əskinin yenidən tüstülədiyini görüb dedilər ki, yox, baba, məsumdurlar, israillilər "bayraq-bayraq" oynayırmışlar, İranın xəbəri yox.

Şərəfi, vicdanı ləkələnmiş İranın molla rejimi hələ də anlamır ki, dünya bunun qopardığı tozdan kor ola bilməz. Hər kəs hər şeyi çox gözəl görür də, eşidir də, anlayır da. İndi nə söz, nə dron oynatmağın vaxtıdır - əməli törətmisənsə, gec, ya tez cavab verəcəksən. İstəyirsən "bəyanat" yay, ya da yayma.

Son xəbərlər