Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Bakı məhkəməsinin Ruben Vardanyanla bağlı çıxardığı qərar təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük əzablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunu kimi qiymətləndirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
"Azərbaycan münaqişənin nizamlanmasının unikal hərbi-siyasi modelini irəli sürərək və postmünaqişə dövründə sülh gündəliyini başladaraq hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin, o cümlədən Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinin məsuliyyətə cəlb olunmasını təmin edib", - o vurğulayıb.
Onun sözlərinə görə, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının qəbul edilməsi bu faciənin və bütövlükdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdır.
H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətdən Nürnberq prosesi, keçmiş Yuqoslaviya və ya Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı kimi tribunalların və ya beynəlxalq məhkəmələrin yaradılmasını gözləyirdi:
"Lakin bugünkü ədalətsiz beynəlxalq şəraitdə hətta hüquq normalarının tətbiqi belə getdikcə daha çox siyasiləşir və ikili standartlara məruz qalır. Buna görə də Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək öz hüquq sistemi vasitəsilə ədaləti təmin edib və bununla da beynəlxalq ictimaiyyətə nümunə olub".
Prezidentin köməkçisi bildirib ki, bəzi dairələr, o cümlədən Avropa Parlamentinin və "Amnesty International" kimi təşkilatların üzvləri ağır hərbi cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış edir:
"Cinayət olan yerdə məsuliyyət də olmalıdır və ədalət tam şəkildə təmin edilib. Hərbi cinayətlərdə ittiham olunan şəxsin bəraət alması həmin cinayətlərin legitimləşdirilməsi və cəzanın qaçılmazlığı prinsipinin sarsıdılmasında iştiraka bərabərdir. Davamlı sülh və etnik barışıq ədalət olmadan mümkün deyil. Azərbaycan regional sülh gündəliyinin irəli aparılması və möhkəmləndirilməsi istiqamətində qətiyyətli səylərini davam etdirəcək".
Oxşar xəbərlər
Prokurorluq Ruslan Eyyubovla bağlı məhkəməyə təqdimat göndərdi
Beş milyonluq siqaret qaçaqmalçılığı cinayəti ilə bağlı ittiham olunan məşhur iş adamı Ruslan Eyyubovun iki aylıq ilkin həbsdə saxlanılma müddəti başa çatır. BA...