Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır

Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır
Siyasət 6

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti çərçivəsində keçirdiyi görüşlər və diplomatik fəaliyyət Bakı ilə İrəvan arasında sülh prosesinin yekunlaşdırılması ilə yanaşı, Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və iqtisadi əlaqələndirici həlqəsi kimi rolunu daha da gücləndirir.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında politoloq, tarix elmləri doktoru, Gürcüstanın əməkdar jurnalisti, Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Badri Naçkebiya bildirib.

Onun sözlərinə görə, Bişkekdə ŞƏT platformasında müşahidə olunan proses Prezident İlham Əliyevin bölgədə, regiondan kənarda sülh və inkişafın möhkəmləndirilməsinə yönəlmiş diplomatik fəaliyyətinin davamıdır.

"Hazırda görürük ki, İlham Əliyevin rəhbərlik etdiyi diplomatiya ŞƏT platformasından Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanması məsələsinin yekun həlli üçün də istifadə edir. Düşünürəm ki, bu, daha bir addımdır və yəqin ki, Paşinyanın özünə də hadisələri sürətləndirmək barədə siqnaldır", - politoloq qeyd edib.

B. Naçkebiya Prezident İlham Əliyevin səfər çərçivəsində Mərkəzi Asiya ölkələrinin nümayəndələri, Hindistan Prezidenti ilə keçirdiyi görüşlərə də diqqət çəkib.

"Bu onu göstərir ki, Azərbaycan Avrasiyanın belə mühüm əlaqələndirici həlqələrindən biridir və yaxın gələcəkdə müxtəlif sahələrdə daha böyük rol oynayacaq. Bu, ilk növbədə, iqtisadiyyata və beynəlxalq iqtisadi dəhlizlərə, yəni "İpək Yolu" adlandırılan marşruta aiddir. Burada Azərbaycan birləşdirici həlqə kimi əsas rol oynayır", - o vurğulayıb.

Politoloq Azərbaycanın regional rolunun güclənməsinin Gürcüstan üçün də əhəmiyyətli olduğunu bildirib.

"Azərbaycanın maraqlarına uyğun olan bütün məsələlərin, təbii olaraq, strateji tərəfdaşı kimi Gürcüstan üçün də regional səviyyədə maraqlı olacağına şübhə yoxdur. Gürcüstan da öz limanları vasitəsilə Qərbə çıxışı olan əsas dəhlizlərdən biridir", - B. Naçkebiya əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstanın nəqliyyat və logistika sahəsində əməkdaşlığının inkişafı regionun iqtisadi əlaqələrinin genişlənməsinə, hər iki ölkənin tranzit imkanlarının artmasına şərait yaradır.

Son xəbərlər