Elçin Əmirbəyov: Meloninin Azərbaycana səfəri Bakı-Roma münasibətlərinə əlavə təkan verəcək

Elçin Əmirbəyov: Meloninin Azərbaycana səfəri Bakı-Roma münasibətlərinə əlavə təkan verəcək
Siyasət 22

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakı və Roma arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu bildirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, E.Əmirbəyov bu barədə "La Repubblica"ya müsahibəsində bildirib.

"Bizim ölkələrimiz 2020-ci ildən çoxplanlı strateji tərəfdaşlıqla bağlıdır. İtaliya baş nazirinin Azərbaycana qarşıdan gələn səfəri bunu təsdiqləyir. Hesab edirik ki, bir çox sahələrdə, ilk növbədə İtaliyanın əsas tərəfdaşımız olduğu energetika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün yüksək potensial mövcuddur", - o deyib.

Əmirbəyov qeyd edib ki, 2025-ci ildə Azərbaycan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz tədarük edib. Bundan əlavə, İtaliya Azərbaycandan neft ixracının əsas istiqamətidir. Onun sözlərinə görə, bütövlükdə, ötən il Avropa İttifaqının (Aİ) 10 ölkəsinə 12,5 milyard kubmetr qaz tədarük edilib, bu da 2021-ci illə (tədarüklərin ilk ili - red.) müqayisədə 53 % çoxdur: "Bazar dəyişkənliyinə və geosiyasi təlatümlərə baxmayaraq, Azərbaycan, etibarlı və məsuliyyətli tədarükçü olaraq qalır".

Trans-Adriaktik Qaz Boru Kəmərini (TAP) genişləndirmədən İtaliyaya qaz ixracının artırılması imkanı ilə bağlı suala cavab verərkən o vurğulayıb ki, TAP-ın da bir hissəsi olduğu Cənub Qaz Dəhlizinin cari gücü tamamilə bron edilib və artıq bütün Avropanın enerji arxitekturası kontekstində nəzərdən keçirilir.

Onun sözlərinə görə, genişləndirmənin ilk mərhələsi artıq həyata keçirilir: yanvar ayından TAP illik ötürücülük qabiliyyətini 1,2 milyard kubmetr artırıb, bunun da 1 milyardını İtaliya alacaq. Bununla yanaşı, o qeyd edib ki, ötürücülük qabiliyyətinin hər hansı sonrakı artımı hasilatın və qaz nəqli infrastrukturunun inkişafı üçün əlavə investisiyalar tələb edəcək, bu da şaxələndirməni və enerji təhlükəsizliyini gücləndirərək Aİ-nin strateji maraqlarına uyğun olacaq.

Son xəbərlər