BTQ-nin icraçı direktoru: Fransa hökumətini əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik
Fransa hökumətini əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik.
Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Fransa rəsmilərinin təşkilata qarşı səsləndirdiyi əsassız ittihamlara cavab olaraq bildirib.
"Bildiyiniz kimi təməli Azərbaycanda qoyulan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin 2025-ci ilin 23-24 yanvar tarixlərində Kanakidə (Yeni Kaledoniya) Konqresi keçirilib. Fransa rəsmiləri koloniyaların dekolonizasiya prosesini Fransanın daxili işi adlandırır və bu xüsusda, Bakı Təşəbbüs Qrupunu (BTQ) Fransanın daxili işlərinə müdaxilə etməkdə ittiham edir. BTQ bu iddiaları qətiyyətlə rədd edir və pisləyir", - A.Abbasov deyib.
Onun sözlərinə görə, dövlət bayrağımızın Kanakidə dalğalandırılması kanak xalqının Azərbaycana və onun liderinə minnətdarlıq jestidir.
"Fundamental insan hüquqları, habelə insanların azad olmaq istəyi bir ölkənin daxili işi sayıla bilməz və özünü demokratiyanın beşiyi adlandıran Fransada rəsmilər bunu yaxşı dərk edir. XXI əsrdə müstəmləkəçiliyə yer yoxdur və həmin ərazilərin bu hüququ adaların əsl sahibi olan xalqlara münasibətdə təcili tanınmalıdır. Harada olmasından asılı olmayaraq, azadlıqlar ümumbəşəri dəyərdir və hamı tərəfindən hörmət edilməlidir", - BTQ-nin icraçı direktoru bildirib.
A.Abbasov vurğulayıb ki, BTQ müstəmləkəçiliyə qarşı mübarizə aparan beynəlxalq QHT kimi öz mandatına uyğun olaraq dekolonizasiya prosesini əsas hədəfi elan edib və bu istiqamətdə qanuni fəaliyyətini davam etdirir: "Koloniyaların müstəqil olmaq haqqıdır. Bu həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilə bilər".
O, beynəlxalq təşkilatları və ictimaiyyəti bu işdə BTQ-ə dəstək olmağa çağırıb.
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edib.
Oxşar xəbərlər
Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb. BAKU...