Azərbaycanla Özbəkistan birgə geoloji kəşfiyyat işləri aparacaqlar
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.
BAKU.WS xəbər verir ki, səfər çərçivəsində Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib.
Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovun iştirakı ilə keçirilən iclasda ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
Dövlət başçıları tərəfindən müəyyən edilmiş hədəflərə uyğun olaraq, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişaf etdirilməsinin qarşılıqlı ticarətin və regional bağlantıların gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə təşəbbüslərin maliyyələşdirilməsində rolu, sənaye kooperasiyasının inkişafı, geoloji kəşfiyyat və energetika sahələrində əməkdaşlıq qeyd olunub.
Bildirilib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət və investisiya əlaqələri dinamik inkişaf edir. Qarşılıqlı ticarətin və ixrac imkanlarının genişləndirilməsi, strateji investisiya layihələrinin icrası istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb. Sənaye, energetika, tikinti, infrastruktur, kənd təsərrüfatı, avtomobil istehsalı, turizm və şəhərsalma, dağ-mədən və metallurgiya, nəqliyyat-logistika və xidmət sahələrində birgə layihələrin həyata keçirilməsi, işbirliyinin möhkəmləndirilməsi imkanları diqqətə çatdırılıb.
İclasın yekununda Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının Protokolu imzalanıb. Sənəddə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər əksini tapıb.
Həmçinin "AzerGold" QSC, Özbəkistanın "Uzbekgeologorazvedka" SC şirkəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin iştirakı ilə geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə müəssisənin yaradılmasına dair Şərtlər Toplusu imzalanıb. Birgə təşəbbüs Özbəkistan ərazisində perspektivli sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması və iqtisadi cəhətdən səmərəli investisiya layihələrinin hazırlanması istiqamətində tərəfdaşlığı nəzərdə tutur. Layihənin dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan sənaye və investisiya əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub.
Oxşar xəbərlər
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə nazir...