Azərbaycanın regiondakı əhəmiyyəti bir daha aydın görünür
Cənab Prezident İlham Əliyev Davosda "Euronews" televiziyasına müsahibə verərkən bildirdi ki, "Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir".
Dövlət başçımız onu da əlavə etdi ki, "ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər". Habelə, Azərbaycan bir daha bildirdi ki, öz ərazisindən İrana qarşı hücum üçün istifadəyə icazə verməyəcək.
Azərbaycanın müharibə və münaqişələrlə bağlı aydın vizyonu mövcuddur. Bu yanaşma ölkələrin ərazi bütövlüyü və suverenliyinin, sərhədlərin toxunulmazlığının qorunması ilə özünü göstərir. Siyasətdə həm də uzlaşma vacibdir.
Bu baxımdan başqa bir tərəfdən baxdıqda regionu gözləyən böyük layihələr var, belə bir reallıqda İranda baş verən hadisələr ürəkaçan deyil.
Azərbaycan bölgədə açar aktor qismində iştirak etdiyindən, bir çox məsələlərdə təşəbbüskar olduğundan xüsusən də indiki məqamda yaxınlığımızda hər hansı bir qeyri-sabitliyin mövcud olmamasını arzu edirik. Həm region üçün, həm də regiona cəlb edilməyə çalışılan investorlar üçün proqnozlaşdırılabilənlik zəruridir.
Habelə, Azərbaycan illərlə işğal siyasətindən, humanitar fəlakətdən əziyyət çəkmiş ölkədir. Müharibə olan yerdə də humanitar böhran qaçılmazdır. Nəticənin xaosa gətirib-çıxarması qaçılmaz görünür.
Bu, çox real təhlükədir və sadəcə bu yanda Azərbaycanı deyil, digər yanda da Qətər və Səudiyyə Ərəbistanı kimi qonşuları narahat edən əsas məsələlərdən biridir.
Xaos və çaşqınlıqda etnik gərginliyin silahlı münaqişəyə sıçraması riski də var, çünki kürdlər, bəluclar və digər azlıqlar ümummilli hakimiyyət boşluğunda öz xalqlarını qorumağa çalışırlar. Təəssüflər olsun ki, İrandakı müharibənin arealı genişlənir.
Əbu-Dabi, Bəhreynə İrandan raketlər atılır. İran əvvəldən də bildirmişdi ki, ABŞ-nin müttəfiqlərini hədəf alacaq. İran dəniz minalarının sürətlə yerləşdirilməsi üzrə təlimlər də keçirib. Əgər belə etsə, bu, istər-istəməz dünya ticarətinə və neft qiymətlərinə təsir göstərəcək. İran tarixində bu cür ssenari olub.
Qətər, Küveyt, Bəhreyn və BƏƏ hava məkanlarını müvəqqəti olaraq bağlayaraq İranın ərazilərinə hücumlarını pisləyiblər. Mövcud reallıqda Azərbaycan yürütdüyü siyasəti incə məqamlarına qədər düşünərək davam etdirir.
Son proseslər fonunda Azərbaycanın regiondakı əhəmiyyəti bir daha aydın görünür. Cənubi Qafqazda, Xəzər dənizi sahilində yerləşən kiçik, lakin vacib bir ölkə olan Azərbaycan dünya siyasətçilərinin və investorlarının daha çox diqqətinə layiqdir.
Azərbaycan təhlükəsiz keçid, hava və quru məkanından təhlükəsiz zəmanət təqdim edən tərəfdir. İran müharibə vəziyyətində olduğu və regional hava məkanının bağlandığı üçün qlobal uçuşlar Azərbaycan üzərindən istiqamətini dəyişir. Deməli, həqiqətən də Azərbaycan kiçik bir ölkə deyil, Avrasiyanın vacib bir körpüsüdür. Regional lider kimi Azərbaycan gözardı edilməməsi mümkün olmayan dərəcədə vacibdir. Obyektiv olması baxımından qeyd edim ki, bu dəyərləndirməni isə sadəcə biz deyil, beynəlxalq ictimaiyyət edir. Azərbaycan regionda beynəlxalq aktorların etimad göstərdiyi, əhəmiyyəti, çəkisi ağır olan ölkədir.
Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
Oxşar xəbərlər
Nikol Paşinyan seçkiləri istədiyi kimi keçirə biləcək?
Baku TV-nin "Analitik baxış" verilişinin yeni buraxılışı yayımlanıb. Nikol Paşinyan seçkiləri istədiyi kimi keçirə biləcək? Ermənistan Rusiyadan qoparılır? Ermə...