Azərbaycanın hərbi-siyasi bloklara qoşulmaması dövlət suverenliyimizin reallığının göstəricisidir - ŞƏRH
"Azərbaycan, həm klassik dövlətçilik əlamətlərinin daşıyıcısı olan bir dövlət olaraq, səlahiyyətlərini müstəqil şəkildə yerinə yetirən hakimiyyətə malikdir, həm də müasir dövrün münasibətlər sisteminin mahiyyətinə uyğun olaraq, dövlət suverenliyinin reallığını özünün ən ali məqsədi hesab edir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O, bildirib ki, dövlətlərin suvernliyi, özünü əsasən 5 prinsip üzrə büruzə verir: Dövlət suverenliyinin siyasi və hüquqi mahiyyətində, dövlət suverenliyinin atributluluğunda, dövlət suverenliyinin reallığında, suveren hüquqların tükənməzliyində və tamlığında, həmçinin dövlət suverenliyinin davamlılığında.
"Klassik anlamda, dövlət suverenliyinin mahiyyətini atributluluq təşkil edir. Burada dövlət hakimiyyətinin aliliyi və müstəqilliyi (autarkiya) dövlət suverenliyinin əsas atributu kimi qəbul olunur. Aristotelə görə autarkiya dövlətin əsas əlamətidir. Onun fikrincə, autarkiyanın mahiyyəti ondan ibarətdir ki, dövlət bütün digər subyektlərdən fərqli olaraq, özü üzərində başqa heç bir gücə malik deyil və bütün səlahiyyətlərini müstəqil şəkildə həyata keçirir.
Müasir beynəlxalq münasibətlər sistemində isə müstəqil dövlətçiliyin əsas əlaməti dövlət suverenliyinin reallığıdır. Bu xüsusda, Azərbaycan, həm klassik dövlətçilik əlamətlərinin daşıyıcısı olan bir dövlət olaraq, səlahiyyətlərini müstəqil şəkildə yerinə yetirən hakimiyyətə malikdir, həm də müasir dövrün münasibətlər sisteminin mahiyyətinə uyğun olaraq, dövlət suverenliyinin reallığını özünün ən ali məqsədi hesab edir. Azərbaycanın hərbi-siyasi bloklara qoşulmaması, müttəfiqlərini ikitərəfli münasibətlər zəminində, öz maraqlarını əsas götürərək müəyyənləşdirməsi, ölkəmizin ərazisində hər hansı bir ölkənin hərbi bazasının olmaması, xalqımızın və onun mənafeyini ifadə edən dövlətimizin iradəsinin üzərində hər hansı bir xarici amilin təsir gücünə malik olmasına imkan verilməməsi dövlət suverenliyimizin reallığının göstəriciləri kimi qiymətləndirilə bilər".
"2012-ci ildə Azərbaycan ərasindəki Rusiya Federasiyasına məxsus Qəbələ Radiolakasiya Stansiyasının fəaliyyətinin dayandırılması və burada faəliyyət göstərən hərbi kontingentin ərazimizdən tamamilə çıxarılması, Ordumuzun 2020-ci ilin noyabrında ərazilərimizdə Ermənistanın hərbi birləşmələrinin işğalına son qoyması, 2023-cü ildə isə torpaqlarımızı həm işğalçı qüvvələrin tör-töküntülərindən təmizləməsi, həm də silahlı, aqressiv separatizmə son qoyması, bundan sonra isə Rusiya sülhməramlarının işğaldan azad edilmiş ərazilərimizdən çıxarılmasına nail olunması Azərbaycan dövlətinin bütün istiqamətlərdə özünün real suverenliyini bərqərar etməsinin göstəricisidir", deyə E. Mirzəbəyli vurğulayıb.
Sonda deputat onu da qeyd edib ki, Azərbaycan, müasir dövrdə, həm də olduqca ziddiyyətli geosiyasi dəyişikliklərin baş verdiyi mürəkkəb zaman kəsiyində öz suverenliyinin tam bərpasına nail olmuş, milli iradəni qeydsiz-şərtsiz ifadə edən müstəqil hakimiyyətə malik suveren bir dövlət olaraq, vətəndaşlarının qürur mənbəyidir.
Banu Hüseynli
Oxşar xəbərlər
Aygün Attar: Rusiyanın üzrxahlığı baş verən fəlakətin ağırlığını dərk etməsidir
Rusiya Prezidenti Vladimir Putinin AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə üzrxahlığı baş verən fəlakətin...