Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni məzmun qazanması, təhlükəsizlik çağırışlarının şaxələnməsi dövlətləri çoxtərəfli əməkdaşlıq platformalarının imkanlarından daha fəal istifadə etməyə sövq edir.
Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın diqqət yetirdiyi mühüm beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır.
BAKU.WS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat bildirib ki, Azərbaycanın ŞƏT ilə əlaqələri son illərdə yüksələn dinamika nümayiş etdirir. ŞƏT Azərbaycan üçün həm siyasi dialoq, həm də iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından əhəmiyyətli platformadır.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanın ŞƏT üçün əhəmiyyətini artıran əsas amillərdən biri ölkəmizin əlverişli geostrateji mövqeyidir. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycan–ŞƏT münasibətlərinə yeni məzmun qazandıra biləcək mühüm istiqamətlərdəndir. Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında yükdaşımaların alternativ marşrutlar üzrə artırılması fonunda Azərbaycanın nəqliyyat infrastrukturu strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan yalnız nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkə deyil, eyni zamanda, müxtəlif regionları birləşdirən logistika mərkəzi kimi çıxış edir. ŞƏT ölkələri ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin tranzit potensialının daha geniş şəkildə reallaşdırılmasına imkan yarada bilər.
Deputat bildirib ki, Azərbaycan–ŞƏT münasibətlərində digər mühüm istiqamət iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsidir. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənaye və kənd təsərrüfatı məhsullarının ixracının artırılması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi siyasət ŞƏT ölkələri ilə əməkdaşlığın yeni sahələrə istiqamətlənməsinə əlverişli zəmin yaradır. Xüsusilə sənaye, enerji, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, süni intellekt, logistika və turizm sahələrində qarşılıqlı investisiyaların artırılması üçün ciddi potensial mövcuddur.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə siyasi dialoqdan iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın daha geniş müstəvisinə keçib. Türk Dövlətləri Təşkilatı çərçivəsində mövcud əlaqələr isə bu əməkdaşlığın əlavə platformalarla tamamlanmasına imkan verir. ŞƏT bu baxımdan Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətli platformadır. Azərbaycanın region ölkələri ilə münasibətlərində qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsas götürülür.
Ölkəmizin ŞƏT ilə əlaqələrinin inkişafı, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Azərbaycanın etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən ölkə, müxtəlif regionlar arasında dialoqu təşviq edən dövlət kimi mövqeyi bu platformada əməkdaşlıq imkanlarını genişləndirir.
"ŞƏT ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində yeni istiqamətlərin formalaşdırılması demək deyil. Əksinə, bu əməkdaşlıq Azərbaycanın mövcud çoxvektorlu diplomatiyasının məntiqi davamıdır. Bakı üçün əsas məqsəd müxtəlif beynəlxalq platformalardan ölkənin milli maraqlarının, regional sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində səmərəli istifadə etməkdir. Bu mənada Azərbaycan–ŞƏT əməkdaşlığı qarşılıqlı etimad, suverenliyə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar üzərində qurulan münasibətlərin perspektivli nümunələrindən biridir",- deyə deputat fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub
Bu il oktyabrın 7-dən 10-dək Azərbaycanda keçiriləcək İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans "İtkin düşmüş şəxslər məsələsin...