Azər Allahverənov: TDT ölkələri QHT-lərinin birgə layihələri inteqrasiya prosesinə töhfə verəcək

Azər Allahverənov: TDT ölkələri QHT-lərinin birgə layihələri inteqrasiya prosesinə töhfə verəcək
Siyasət 6

TDT ölkələri QHT-lərinin birgə layihələri Türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının Platformasının baş katibi Azər Allahverənov mayın 16-da Bakıda keçirilən TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda deyib.

Onun sözlərinə görə, forum tarixi bir dövrdə baş tutmaqdadır:

"Mayın 15-də qədim Türk yurdu olan Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Mayın 17-də isə Bakı şəhərində XIII Ümumdünya Şəhərsalma Forumu öz işinə başlayır. Çox sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatı da şəhərsalma üzrə yüksəksəviyyəli dialoq prosesində iştirak etməklə yanaşı, bu tədbirdə həm də təşkilata üzv ölkələrin QHT-ləri də bu prosesdə yaxından iştirak edəcəklər. Cari ilin noyabr ayınadək Platformanın fəaliyyət spektrinin genişləndirilməsi üçün həm əməliyyat, həm də institusional səviyyədə bir sıra işlərin yerinə yetirilməsi, o cümlədən bu təsisatın hüquqi statusuna və inkişaf strategiyasına dair qərarların verilməsi nəzərdə tutulur".

A.Allahverənov qeyd edib ki, bu gün Platforma ortaq tarix, mədəni bağlılıqdan, həmrəylik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərindən irəli gələrək, Türk dünyası çərçivəsində sosial, humanitar və cəmiyyətlərarası əlaqələrin inkişafında və dərinləşməsində, QHT-ləri arasında birlik və həmrəyliyin gücləndirilməsində mühüm rol oynamaqdadır:

"Türk xalqları arasında diplomatiyanın, dialoqun, mübadilələrin dərinləşməsi məqsədilə QHT-lər arasında potensialın artırılması, təcrübə və bilik mübadiləsinin geniş şəkildə təşviq olunması istiqamətində öz işini quran Platforma qısa müddət ərzində iki-üç və çox tərəfli tədbirlərin keçirilməsinə nail olubdur. Belə ki, bu müddət ərzində Katibliyin təşəbbüsü ilə Türkiyə, Qazaxıstan, Şimali Kipr QHT-lərinin və beyin mərkəzlərinin iştirakı ilə tədbirlər keçirilib, bu dövlətlərin diplomatik qurumlarının təmsilçiləri ilə görüşlər təşkil olunub, Türk dövlətlərinin media subyektlərində Platformanın fəaliyyətinə dair məlumatlar yer alıb".

Baş katib əlavə edib ki, platformamızda təmsil olunan QHT-lər tərəfindən yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihə və fəaliyyətlər xalqlar arasında həmrəyliyin möhkəm təməllər üzərində bərqərar olmasına əlverişli şərait yaradacaq, eyni zamanda, Türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcək:

"Bu məsələlərdə hər birinizin tövsiyə və dəstəyinə ehtiyac var ki, yalnız belə olduğu təqdirdə biz daha güclü və qətiyyətli ola bilərik".

Son xəbərlər