Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin Fərmanı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. 

Nazirlər Kabinetinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Baş nazirə ordeni Fransa hökuməti adından Bakıda səfərdə olan Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer təqdim edib. 

Fransız dilinin, ədəbiyyatının peşəkar tədqiqatçısı Novruz Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.

Bu xoş xəbəri çatdırmaqdan məmnun olduğunu bildirən Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ölkəsinin Baş Nazir Novruz Məmmədova xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb. Baş Nazir Novruz Məmmədov isə öz növbəsində bu ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və fransız xalqına minnətdarlığını bildirib.

Qeyd edək ki, “Şərəf Legionu” ordeni 1802-ci ildə Napoleon Bonapard tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan “Şərəf Legionu” ordeninin 5 dərəcəsi vardır. Fransa  və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən “Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.
BAKU.WS