Bir sıra müəssisə və səhmdar cəmiyyətləri özəlləşdirməyin vaxtıdır.

Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda uşaqlara müavinətin verilməsi ilə bağlı islahatlar həyata keçirilməlidir: "Bəzi Avropa ölkələrində 18 yaşa qədər olan uşaq və yeniyetmələrə müəyyən müavinətlər verilir. Bu müavinətlərin məbləği təxminən 200 avro təşkil edir. Azərbaycanda da buna müəyyən islahatlarla nail olmaq olar".

Q.Həsənquliyev bildirib ki, islahatlardan biri dövlət büdcəsindən bəzi müəssisələrə ayrılan maliyyələşmənin azaldılmasıdır:

"Ölkədə fəaliyyət göstərən bir sıra müəssisələr, səhmdar cəmiyyətlər var ki, onları özəlləşdirməyin vaxtıdır. Onların özəlləşdirilməsi nəticəsində büdcəyə vergi daxilolmaları daha da arta bilər. Bununla büdcəni də yükdən azad edə bilərik. Dövlətin yükünü azaltmasaq, bəzi problemləri həll etmək çətin olacaq".

BAKU.WS