SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv edilən bloqqer Aleksandr Lapşinin anası Bella Lapşinin Bakıya gələcəyi vaxt bəlli olub.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a onun vəkili Eduard Çernin məlumat verib.

Vəkilin sözlərinə görə, B.Lapşin Bakıya sentyabrın 13-də gələcək. Daha sonra A.Lapşin İsrailə deportasiya ediləcək.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşinə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapşinin Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır.

Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

İki gün əvvəl A.Lapşin Bakı İstintaq Təcridxanasında saxlanıldığı kamerada intihara cəhd edib. Penitensiar Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində onun intihar etməsinin qarşısı alınıb. O, dərhal Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

Sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb.

BAKU.WS